Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix İnstitutunun Elmi Şurası özbək tədqiqatçısı Şuxrat Salamovla bağlı bəyanat qəbul edib
01.02.2017 14:12
  • A-
  • A
  • A+

Tarix İnstitutunun Elmi Şurası özbək tədqiqatçısı Şuxrat Salamovla bağlı bəyanat qəbul edib

Fevralın 1-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov iclasın gündəliyindəki əsas məsələnin bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı olduğunu söyləyib. Bildirib ki, hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb.

Y.Mahmudov qeyd edib ki, Ş.Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb. Bu yolverilməzdir, çünki özbək alimi əsərlərində erməni faşizmi tərəfindən Azərbaycan, Şərqi Anadolu, Mərkəzi Asiya və digər bölgələrdə türk-müsəlman xalqlarına qarşı törədilmiş soyqırımlarını tədqiq edib. Tarixi həqiqətləri işıqlandıran Ş.Salamovu millətlərarası nifaqın qızışdırılmasında günahlandırmaq faşizmə, soyqırımları törədən qüvvələrə haqq qazandırmaq, onları müdafiəsinə qalxmaq deməkdir.

Diqqətə çatdırılıb ki, Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxlu sayda sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdikləri soyqırımını sübut edən kitablar çap olunub.

Sonda Tarix İnstitutunun Elmi Şurası tərəfindən yekdilliklə Ş.Salamovla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, Ş.Salamov millətlərarası nifrəti qızışdırmır, çünki o, erməni etnosu ilə “erməni faşizmi” və “erməni terrorizmi” anlayışlarını bərabərləşdirmir.

Bəyanatın Özbəkistanın müvafiq dövlət və hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Ş.Salamov AMEA-nın Tarix İnstitutunun fəxri doktorudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: