www.science.az
01.02.2017 10:36

MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyalar quraşdırılacaq

Məlum olduğu kimi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Azərbaycan ərazisində ümumilikdə 35-dən çox peyk rabitəsi ilə işləyən seysmik stansiyaları var. Həmçinin mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikasında 4 seysmik stansiya üçün onlayn sistem yaradılıb. Bu seysmik stansiyalar vasitəsilə Naxçıvan və ona yaxın ərazilərdə zəlzələ haqqında məlumat almaq, kadr potensialını artırmaq üçün məqsədyönlü işlər uğurla davam etdirilir.

Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Quruda- Ağdaş, Daşkəsən, Tovuz, Neftçala, Xızı rayonlarında daha beş seysmik stansiyanın qurulması nəzərdə tutulur. Həmçinin MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiyanın qurulması planlaşdırılır. “Ümid”, “Bahar”, “Günəşli” yataqlarında stansiyaların qurulması nəticəsində həm dənizin dibində gedən yeraltı tektonik proseslər, həm də onların neft yataqlarına, neft hasilatına göstərdiyi təsirlərlə bağlı daha mükəmməl tədqiqatlar aparılmasına imkan yaranacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.