www.science.az
01.02.2017 11:51

Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda “1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri” adlı beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılıb. Cari ildə aparılan işlər əvvəlki illərdəki tədqiqatların davamı olub layihənin son mərhələsini təşkil edir.

Tədqiqat işləri əsasən Arxeologiya fondunda mühafizə olunan I Kültəpə tapıntılarının ölçülərinin götürülməsi, qrafik və foto təsvirlərinin çəkilməsi, metal və obsidian alətlərin analizlərinin aparılmasından, eləcə də məlumatların dəqiqləşdirilməsindən ibarətdir. Layihəyə tanınmış arxeoloqlar, Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Remi Berthon (paleontoloq) rəhbərlik edirlər. Layihə iştirakçıları Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyeva (rəssam), Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları, dosent-doktor Katerina Marro (arxeoloq), fəlsəfə doktoru Nikolas Qailhard (arxeoloq) və fəlsəfə doktoru Marie Orangedir (arxeo-kimyaçı).

Tədqiqatların fevralın 12-də yekunlaşması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.