www.science.az
01.02.2017 11:25

Misirin məşhur “Əxbər əl-Ədəb” qəzetində akademik Kamal Abdullayevin həyat və yaradıcılığı barədə məlumat dərc olunub

Misirin 20-dən çox ərəb ölkəsində və digər ölkələrdə yayımlanan məşhur “Əxbər əl-Ədəb” (Ədəbiyyat xəbərləri) qəzetində bu günlərdə görkəmli yazıçı, akademik Kamal Abdullayevin “Kamera teatrı” adlı hekayəsi, həmçinin alimin həyat və yaradıcılığı haqqında məlumat dərc olunub.

Hekayənin ərəb dilinə tərcüməçisi Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydidir.

Qəzetin həmin nömrəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Sülh şəraitində birgəyaşayış siyasi qərardır” sərlövhəli müsahibəsi də dərc olunub. Müsahibədə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əsas konturları, multikulturalizmin Azərbaycan modelinin tədqiqi istiqamətləri və bu modelin örnək model kimi dünyada təbliği prosesindən söhbət açılır.

Akademik K.Abdullayev Azərbaycan xalqının ən böyük mənəvi xəzinəsi olan “Kitabi-Dədə Qorqud” barədə oxuculara məlumat verərək bildirib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri, mifologiyası üzərində yaranmış xalq dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının ən qədim dövründən təxminən X əsrə qədərki tarixini özündə hərtərəfli əks etdirən əvəzsiz mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.