www.science.az
30.01.2017 17:25

İngiltərədə “Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu”nun təntənəli təqdimat mərasimi keçirilib

Dünya şöhrətli Viktoriya və Albert Muzeyində (Böyük Britaniya) “Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu”nun təntənəli təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində müxtəlif akademik dairələrin nümayəndələri, Böyük Britaniya parlamentinin üzvləri, diplomatlar, bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistanla ticarət üzrə elçisi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri Lord Malkolm Brus və Lord Maykl German iştirak ediblər.

Təqdimatda Böyük Britaniya və Azərbaycan ictimaiyyətinə Fondun fəaliyyət istiqamətləri elan olunub.

Tədbiri giriş nitqi ilə “Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu”nun sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin rəhbəri, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva açıb. Bildirib ki, Britaniyada təsis edilmiş və qeydiyyatdan keçmiş Fond Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb.

Professor Nərgiz Paşayeva qeyd edib ki, Britaniya Fondu şəxsi maraqları ilə məhdudlaşan və özünün heç bir həqiqi zəhməti olmadan şəxsi reklam üçün çalışanlara deyil, həqiqi istedadlara və qiymətli ideyalara dəstək və inam verəcək. Müasir dünyaya olan yeni təhdidlərə qarşı yeni müdafiələr yaradılsa da, əsas dəyərlər – elm, təhsil, mədəniyyət, idrak və əlbəttə ki, mənəviyyat, sevgi və ədalət hissi hər zaman ümumi təhlükəsizliyin ən yaxşı təminatı olacaq. Britaniya məhz bu yolla – inkişaf etmək istəyənlərə və bacaranlara hər cür şəraiti yaratmaqla böyük dövlət oldu. 

Fondumuzun adı onu göstərir ki, biz Qafqazın və regionun öyrənilməsinə diqqət ayıracağıq. Qafqaz təkcə coğrafi anlayış deyil və bu region müasir Avropa elmi kontekstində kifayət qədər öyrənilməyib. Bizim məqsədimiz Oksford Universiteti ilə birgə məlum faktları birləşdirə, sistemləşdirə və cəmləşdirə bilmək və bu məsələyə obyektiv elmi yanaşma üçün bütün şəraiti yaratmaqdır. Bizdə Qərb alimlərinin tanış olmadığı çoxlu arxiv, əlyazma materialları var. Uzun müddət ərzində Qərb alimləri ilə müstəqil, peşəkar, sərbəst tərəfdaşlıq əlaqələri bağlı idi, bir çox alimlərin əsərləri peşəkar, akademik səviyyədə Avropa dillərinə tərcümə olunmurdu. İndi isə yersiz həyəcan, qeyri-sağlam rəqabət və elmdə təsadüfi insanlar olmadan, ümumdünya elmi yanaşmalar sistemi üzrə böyük multimədəni və multietnik region olan Qafqazı ətraflı şəkildə öyrənməyin vaxtı çatıb.

Professor Nərgiz Paşayeva hər kəsə Fondun səmərəli fəaliyyətinə göstərdiyi yardıma görə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, professor Edmund Hertsoq Britaniya akademik dairələrində Azərbaycanın və Qafqazın dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə  Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Britaniya tərəfdən təsisçisi Lord Malkolm Brus, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland, İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Maykl German və digər qonaqlar Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun təqdimatı barədə təəssüratlarını bölüşüblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın milli dəyərlərinin Böyük Britaniyada və Avropada təbliğ olunmasında professor Nərgiz Paşayevanın fəaliyyətini xüsusi vurğulayıb. “Londonda Viktoriya və Albert Muzeyində tədbirin keçirilməsi möhtəşəm hadisədir" - deyən akademik A.Əlizadə bugünkü təqdimatın Azərbaycanın elm və mədəniyyət tarixində xüsusi yeri olduğunu diqqətə çatdırıb. Bildirib ki, prof. Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universiteti nəzdində böyük Nizami Gəncəvinin adını daşıyan mərkəzin yaradılması və uğurlu fəaliyyəti elmi dairələrdə böyük marağa səbəb olub. O, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya elmimizə yeni nəfəs gətirdiyi və Azərbaycan naminə bu cür faydalı işlər gördüyü üçün səmimi qəlbdən təşəkkürünü bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycanla Böyük Britaniya arasında mədəni körpülərin yaradılmasının, iki ölkənin muzeyləri arasında elmi fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, mərasimdə dünya şöhrətli alimlərin iştirakı bu tarixi hadisəyə böyük diqqətin cəlb olunduğunu, tədbirin elm və mədəniyyət xadimləri arasında marağa səbəb olduğunu və münasibətlərimizin inkişafına böyük töhfə verəcəyini göstərir.

BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev tolerantlığın təbliğatı işində Fondun fəaliyyətinin böyük əhəmiyyətini qeyd edib. O, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniyada Azərbaycanı öyrənən ilk və yeganə elmi struktur olduğunu söyləyib. Akademik bildirib ki, yeni yaradılmış Britaniya Fondu üzərinə böyük elmi perspektivləri, fundamental tədqiqatları əhatə edən faydalı missiya götürüb. V.Məmmədəliyev Fondun mədəni-sosial əlaqələrin genişləndirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.