www.science.az
26.01.2017 16:10

Naxçıvan Bölməsinin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinə yeni eksponatlar daxil olub

AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinin ekspozisiyası üçün tarixi əhəmiyyət kəsb edən dəyərli materialların toplanması işi davam etdirilir.

Muzeyin fonduna Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən iki yeni eksponat – qolbaq və medalyon daxil olub. Yeni eksponatlar Culfa rayonunun Zoğala qədim yaşayış yerindən tapılıb.

Bu münasibətlə bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova muzeylərin tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında çox önəmli rolu olduğunu diqqətə çatdırıb. Bildirib ki, mühüm elm və mədəniyyət ocağı olan muzeylərimizə dövlət tərəfindən daim yüksək qayğı göstərilir.

“Bu gün Naxçıvanda 28 muzey və 1 muzeytifli mədəniyyət müəssisəsi fəaliyyət göstərir” – deyən N.Qədimova muzey fondlarının xeyli zənginləşdirildiyini bildirib. O, Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinə hədiyyə olunan dəyərli eksponatların böyük tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edib. Ulu öndər Heydər Əliyevin “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır” - sözlərini xatırlan alim bildirib ki, Naxçıvan diyarı qədim mədəniyyətlərin, xüsusilə Kür-Araz mədəniyyətinin beşiyidir. Diqqətə çatdırıb ki, bölmənin nəzdində fəaliyyət göstərən muzeydə nümayiş olunan eksponatlar ziyarətçilərə Naxçıvanın qədim mədəniyyətlərin beşiyi olması ilə bağlı ətraflı məlumat verməyə imkan yaradır.

Qeyd olunub ki, muzeydəki eksponatlar 2006-2016-ci illərdə AMEA-nın, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun, ABŞ-ın Corciya və Pensilvaniya universitetlərinin, Fransanın Milli Elmi Araşdırma Mərkəzinin əməkdaşları ilə yanaşı, Türkiyə, İtaliya, Macarıstan, Suriya və digər dövlətlərin arxeoloqları ilə birgə bölgənin müxtəlif ərazilərindəki qədim abidələrin tədqiqi zamanı əldə olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək tariximizin təbliğinin vacibliyindən, bu sahədə Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinin rolundan bəhs ediblər.

Sonda tədbir iştirakçıları muzeyin eksponatları ilə yaxından tanış olublar.

Məlumat üçün onu da qeyd edək ki, Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyinin ekspozisiyasında 447 eksponat nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.