www.science.az
26.01.2017 14:57

AMEA-da italiyalı alimlərin iştirakı ilə seminar təşkil olunub

Yanvarın 26-da AMEA-nın Əsas binasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunub.

Əvvəlcə seminar iştirakçıları AMEA-nın elmi naliyyətlər sərgisini ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., akademik Dilqəm Tağıyev ictimaiyyətin diqqətini sağlam və təhlükəsiz ətraf mühitə cəlb etmək baxımından seminarın əhəmiyyətini vurğulayıb. O, İtaliya Milli İctimai Sağlamlıq İnstitutu ilə AMEA-nın müvafiq elmi müəssisələri arasında ekoloji təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Sonra çıxış edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Paolo Kutillo hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb.

Seminarda dünyanın aparıcı elmi təşkilatları ilə beynəlxalq əməkdaşlıq perspektivlərindən danışılıb. Qarşılıqlı münasibətlərin inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs olunub.

Tədbirdə İtaliya Milli Sağlamlıq İnstitutunun professoru Pietro Kombanın “Çirklənmiş sahələrdə epidemioloji nəzarət: İtaliya təcrübəsi”, doktor Daniela Marsilinin “Ətraf mühit və sağlamlıq üzrə beynəlxalq elmi əməkdaşlıq: məqsədlər, prosedurlar və tematik araşdırmalar”, doktor Laura Açenenin “Daxili su obyektlərinin gigiyenasının özəllikləri və tədqiqat fəaliyyəti. İtaliyada su təhlükəsizliyi planının həyata keçirilməsi”, doktor Luici Turrio Baldassarrinin “Çirklənmənin monitorinqindən insana təsirinin qiymətləndirilməsi və qarşısının alınması siyasətinədək: İtaliya təcrübəsi” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.