www.science.az
24.01.2017 09:54

MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı keçiriləcək

Sentyabrın 18-dən 21-dək AMEA-nın Dendrologiya İnstitutunda Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyalarının təşkilatçılığı ilə MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı, eyni zamanda “İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın Dendrologiya İnstitutu, Rusiya Elmlər Akademiyası N.V.Sisin adına Baş Botanika Bağı, Belarus Milli Elmlər Akademiyası Mərkəzi Botanika Bağı, Qazaxıstan Milli Elmlər Akademiyası Baş Botanika Bağı, Qırğızıstan Milli Elmlər Akademiyasının E.Z.Qareyev adına Botanika Bağı, Ukrayna Milli Elmlər Akademiyasının N.N.Qrişko adına Beynəlxalq Botanika Bağı və Abxaziya Botanika Bağıdır.

Qurultayda MDB ölkələri Botanika Bağları Cəmiyyəti üzrə komissiyaların, MDB ölkələri botanika bağları, dendrarilər və ekoloji mərkəzlərinin işləri haqqında, qurumun ötən ilin yekunları və 2017-ci ilin birinci yarımillik hesabatları dinləniləcək.

Tədbir aşağıdakı bölmələr üzrə təşkil olunacaq:

- Qlobal dəyişkənliyin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri;

- Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri;

- İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri;

- Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası;

- Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri;

- Biomüxtəlifliyin saxlanılma problemləri.

Konfransda iştirak etmək istəyənlər məqalələrin tezislərini zemfira_abbasova@mail.ru və konfarns_dendrary@mail.ru elektron ünvanlara göndərə bilərlər.

Əlaqə nömrələri: (+99412) 4543012, 4541500, 4546062

Faks: (+99412) 4540374.

Ünvan: Bakı ş., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89.

Qurultay və konfrans barədə ətraflı məlumatı www.dendrologiya.az www.sbsgbsad.wordpress.com saytlarından əldə etmək mümkündür.

Qeyd edək ki, qurultayın AMEA-nın Dendrologiya İnstitutunda keçirilməsi haqqında qərar ötən il Belarus Elmlər Akademiyasının Dövlət Elmi Müəssisəsində təşkil edilmiş, MDB ölkələri Botanika Bağları Cəmiyyətinin III qurultayında qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.