Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının 65 yaşı tamam olur
19.01.2017 12:15
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının 65 yaşı tamam olur

Yanvarın 22-də tanınmış kimyaçı alim, akad.M.F.Nağıyev Kimya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlının 65 yaşı tamam olur.

M.Babanlı 1952-ci ildə Saatlı rayonunda anadan olmuşdur. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1974-1977-ci illərdə aspiranturada təhsil almışdır. 1977-ci ildə Belarusiya Dövlət Universitetində namizədlik, 1988-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1977- 2014-cü illərdə Bakı Dövlət Universitetində kiçik elmi işçi, böyük elmi işçi, müəllim, dosent, kimya fakültəsinin dekan müavini, prorektor, elmi katib və Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Hazırda professor M.Babanlı AMEA-nın akad.M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavinidir.

O, funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termodinamikası və materialşünaslığı sahəsində geniş və sistemli tədqiqatlar aparan, yeni elmi istiqamət və elmi məktəb yaratmış beynəlxalq miqyasda tanınmış alimdir.

Professorun ən mühüm elmi nailiyyətləri mürəkkəb qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif etməsi, onun nəzəri əsaslarını və metodoloji aspektlərini işləyib hazırlaması və geniş şəkildə reallaşdıraraq, funksional xassələrə malik çoxlu sayda yeni fazaların məqsədyönlü axtarışının və istiqamətli sintezinin elmi əsaslarını yaratmasıdır.

Son illərdə M.Babanlının rəhbərliyi ilə topoloji izolyator xassəsi göstərən laylı quruluşlu birləşmələr əmələ gətirən üç- və dördkomponentli sistemlərdə faza tarazlıqlarının tədqiqinə yeni yanaşma tətbiq edilib. Eyni zamanda, həmin sinif birləşmələrin bir sıra nümayəndələri sintez edilib, alınan fazaların fundamental termodinamik funksiyaları təyin olunub, istiqamətlənmiş kristallaşma üsulu ilə onların mükəmməl iri monokristalları yetişdirilib. Alınan nümunələrin kristal və elektron quruluşları, müxtəlif fiziki xassələri Avropa Birliyinin və Yaponiyanın bir sıra aparıcı laboratoriyaları ilə birgə tədqiq edilib, onların topoloji izolyator xassələri nümayiş etdirilmələri, yeni nəsil kvant kompüterlərinin yaradılmasında və spintronikada istifadə üçün perspektivliyi göstərilib.

Alimin elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüşdür. O, 800-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya, 12 dərslik və dərs vəsaiti, 500-ə yaxın məqalə və 5 patentin müəllifidir. Elmi məqalələrinin 200-dən çoxu yüksək impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir. “Google Scholar Citations” informasiya sistemindən götürülən məlumatlarına görə onun  əsərlərinə 1000-dən artıq istinad edilmişdir.

Prof. M.Babanlı və əməkdaşlarının aldığı elmi nəticələrin böyük hissəsi ABŞ, Avropa və Rusiyada müntəzəm nəşr edilən çoxcildli fundamental məlumat kitablarına ("Phase Equilibria Diagrams", "Ternary alloys", "Диаграммы состояния металлических систем" və s.),həmçinin bir sıra elektron–informasiya banklarına daxil edilmişdir.

Alimin kadr hazırlığı sahəsində də böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 32 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır. Hazırda o, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə  dissertant və doktorların elmi rəhbəri kimi kadr hazırlığı işlərini davam etdirir. Bu elmi kadrlar arasında Suriya, Vyetnam, Koreya, İran və Əfqanistan vətəndaşları da vardır.

O, respublikanın elmi-ictimai həyatında fəal iştirak edir. Müxtəlif illərdə Azər­bay­can Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının üzvü, sədr müa­vini və sədri, BDU-nun Elmi Şurasının, bir sıra Dissertasiya Şuralarının üzvü olmuşdur. Hazırda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya Şurasının sədr müavini, "Azərbaycan Kimya Jurnalı"nın baş redaktor müavini, "Kimya Problemləri", "BDU Xəbərləri" və "Türkiyə Kimya jurnalı"nın redak­siya heyətlərinin üzvüdür.

Prof. M.Babanlının elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirmişdir. O, 2000-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyətinin mükafatı və diplomu ilə, 2015-ci ildə isə "Fiziki kimyəvi analizin inkişafında və yeni funksional materialların alınmasında böyük xidmətlərinə görə" REA-nın Kurnakov medalı və diplomla təltif edilmişdir.

2016-cı ildə AR Prezidenti yanında Elmin İnkişafı Fondu və Thomson Reuters  beynəlxalq elmi-analitik informasiya şirkəti tərəfindən "Ən çox istinad olunan görkəmli elmi məqalə"yə görə diplomla təltif edilmişdir.

Kimyaçı alimi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: