Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Böyük alim, qayğıkeş müəllim, əsl ziyalı
16.01.2017 09:39
  • A-
  • A
  • A+

Böyük alim, qayğıkeş müəllim, əsl ziyalı

Azərbaycan xalqı dünyaya çoxsaylı elm xadimləri bəxş etmişdir. Son bir əsr ərzində Azərbaycanın çox görkəmli, dünya miqyasında tanınan və qəbul edilən alimləri yetişmişdir. Onlardan biri də Azərbaycan elminin cəfakeşlərindən olan, böyük təbiət alimi, akademik Məhərrəm Pirverdi oğlu Babayevdir.

Akademik Məhərrəm Babayev 13 yanvar 1937-ci ildə Bərdə şəhərində ana­dan olmuşdur. 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı (indiki ADAU) İnstitutunu bitirmişdir. 1966-cı ildə torpaqşünaslıq ixtisası üzrə fəlsəfə doktoru, 1981-ci ildə elmlər doktoru, 2000-ci ildə profes­sor elmi adını almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

O, 1961-ci ildən Azərbaycan SSR Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi, 1963-1966-cı illərdə İnstitutun əyani aspirantı, 1966-1971-ci illər­də elmi işçi, 1971-1975-ci illərdə baş elmi işçi, 1975-1981-ci illərdə  laborato­ri­ya rəhbəri vəzifələrində işləmişdir. Alim elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi-təşkilati və ictimai işlərlə də fəal məşğul olmuşdur. 1981-1985-ci illərdə Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun direktoru vəzifəsində çalışmışdır.  1986-1989-cu illərdə əmək fəaliyyətini Aqrar Sənaye Komitəsinin sədr müavini kimi davam etdirmişdir. 1995-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların ge­ne­zisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri, 2001-2014-cü ilə­dək  İnstitutun direktoru vəzifələrində çalışmışdır.

O, 1963-1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantı kimi professor M.Salayevin rəhbərliyi ilə Qarabağ düzünün dağətəyi hissəsinin torpaqlarının öyrənilməsinə həsr edilmiş 1:50000 miqyaslı tədqiqat işi aparmışdır. 1967-1980-ci illərdə Kür-Araz ovalığının suvarılan torpaqlarının antropogen təsirdən dəyişilməsi, istehsal qabiliyyəti və münbitliyinin bərpası istiqamətində stasionar tədqiqatlarını davam etdirmişdir.

Alimin elmi fəaliyyəti əsasən Azərbaycan torpaqlarının genezisi, təkamülü, təsnifatı, nomenklaturası, taksonlar sistemi, coğrafi yayılması, xəritələşdirilməsi, torpaq deqradasiyası, onların bərpası və səmərəli istifadəsi məsələlərini əhatə edir. M.Babayev 45 illik tədqiqatları dövründə insanın torpağa antropogen təsiri, torpaqda gedən dəyişikliklər, onların deqradasiyası problemlərinə xüsusi diqqət yetirmiş, ilk dəfə bu torpaqların beynəlxalq standartlara uyğun təsnifatını, diaqnostikasını hazırlamış və nəşr etdirmişdir.

M.Babayev ilk dəfə Azərbaycan Respublikası torpaqlarının rəngli morfo-genetik profillərini özündə əks etdirən atlasın redaktorlarından və müəlliflərindən biridir. İlk dəfə onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan torpaqlarının müasir təsnifatı nəşr olunmuşdur.

Azərbaycan torpaqşünaslıq elminin tarixində ilk dəfə olaraq M.Babayevin redaktorluğu və iştirakı ilə özündə 70-ə qədər torpaq-ekoloji xəritələrini əks etdirən Azərbaycanın Torpaq Atlası tərtib olunaraq nəşr olunmuşdur.

Akademik Babayev 10 kitab, 300 məqalə, 28 xəritə və 11 patentin müəlli­fidir. Onun əsərlərinə yerli və xarici tədqiqatçılar tərəfindən çoxsaylı istinadlar olunur. 

M.Babayevin yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 16 fəlsəfə və  5 elmlər doktoru yetişmişdir.

M.Babayevin adı dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. O, Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin üzvü, Azərbaycan Respublikası Ali Attes­tasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı elm sahələri üzrə Müdafiə şurasının sədri olmuşdur. Ümumdünya Torpaqşünaslar Cəmiyyəti­nin üzvüdir. 2009-2011-ci illərdə Ali Attestasiya Komissiyası Biologiya və Kənd təsərrüfatı elmləri üzrə ekspert komissiyasının sədri olmuşdur. AMEA Biologiya Bölməsinin büro üzvü, Azərbaycan Respublikası Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutun­dakı Doktorluq Disser­tasiyası müdafiəsi üzrə D-004.16.01 İxtisaslaşdırılmış Şuranın sədridir.

Akademik M.Babayev səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə “Şərəf nişanı” ordeni, 1987-ci ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin “Fəxri Fərmanı”, 1997 və 2006-cı illərdə AMEA-nın “Fəxri Fərmanı” ilə təltif edilmişdir.

Akademik həmişə olduğu kimi, hazırda da böyük əzmlə, tükənməz enerji ilə torpaqşünaslıq elminin inkişafı və gənc alimlərin yetişdirilməsi sahəsində Azərbaycan elminə xidmət edir.

Akademik Məhərrəm Babayevi öz davamçıları adından keçdiyi məzmunlu və şərəfli 80 illik həyat yolu, səmərəli əmək və elmi-pedaqoji fəaliyyəti münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Elxan Bayramov, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəis müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: