Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnteraktiv açıq dərsdə Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edilib
13.01.2017 16:01
  • A-
  • A
  • A+

İnteraktiv açıq dərsdə Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edilib

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın 205 saylı ümumtəhsil məktəbi arasında interaktiv açıq dərs təşkil olunub.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin apardığı açıq dərsdə Azərbaycanın dövlət xadimi, tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyevin həyat və yaradıcılığı barədə şagirdlərə ətraflı məlumat verilib.

“Əziz Əliyevin həyat yolu” mövzusunda keçrilən dərsdə görkəmli alimin mənalı ömür yolundan, dövlət idarəçiliyinin təkmilləşdirilməsində, respublikada səhiyyə sisteminin formalaşdırılmasında xidmətlərindən danışılıb.

Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 18 noyabr 2016-cı il tarixli Sərəncamını xatırladan akademik İ.Hacıyev bildirib ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq səmərəli fəaliyyət göstərmişdir. Onun İkinci Dünya müharibəsi illərində gördüyü işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.

Qeyd olunub ki, 1921-1923-cü illərdə Naxçıvanın Şahtaxtı kəndində həkim köməkçisi kimi fəaliyyət göstərən Əziz Əliyev ölkəmizdə tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr vermişdir. O, Xalq Səhiyyə Komissarının müavini, həmçinin Xalq Səhiyyə Komissarı vəzifələrində çalışarkən səhiyyə sahəsində müxtəlif problemlərin aradan qaldırılmasında əməli tədbirlər görmüşdür.

Diqqətə çatdırılıb ki, ölkədə səhiyyə işlərini yaxşılaşdırmaq, yüksək ixtisaslı tibbi kadrların hazırlığını gücləndirmək məqsədi ilə müxtəlif illərdə Əziz Əliyev səhiyyə şöbəsinin müdiri, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılan Tibb İnstitutunun rektoru təyin olunmuşdur. Alim milli həkim kadrların, eyni zamanda Azərbaycan dilində tibb dərsliklərinin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqət yetirmişdir. Görkəmli elm xadimi 45 adda dərsliklər hazırlayaraq çap etdirmişdir. O, müxtəlif illərdə Azərbaycan KP MK-nin katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan SSR Elmi-Tədqiqat Ortapediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru və digər vəzifələrdə çalışmışdır.

Açıq dərsdə bildirilib ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin yaratdığı elmi məktəb bu gün onun yetirmələri və davamçıları tərəfindən uğurla davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: