Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Ədəbiyyatşünas alim Əliyar Səfərli vəfat edib
04.01.2017 15:07
  • A-
  • A
  • A+

Ədəbiyyatşünas alim Əliyar Səfərli vəfat edib

Tanınmış filoloq, Nizami adına Ədəbiyyat İns­titu­tun­­un Orta əsrlər Azər­baycan ədə­biy­ya­tı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Əliyar Səfərli yanvarın 4-də 79 yaşında vəfat edib.

Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Naxçıvan Mux­tar Res­­publikası Ordubad rayonu­nun Anabat kən­­dində anadan olmuşdur. 1955-ci ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsini bitirmişdir. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olmuşdur. Uzun müddət BDU-nun Filologiya fakültəsində tədrislə məşğul olmuş, 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir. 

AMEA-nın müxbir üzvü Ə.Səfərli orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış təhqiqatçılarından biri olmuşdur. O, Məsihinin (17-ci əsr) həyat və yaradıcılığına, 17-18-ci əsrlər Azərbaycan epik şeirinə dair tədqiqatların müəllifi idi. Alim mətnşünaslıq sahəsində də mühüm nəticələr əldə etmişdir. Bir sıra unudulmuş ədəbi abidələri aşkara çıxarmış, ilk anadilli poema olan "Dastani Əhməd Hərami"ni, Qazi Bürhanəddinin "Divan"ını, Məhəmməd Füzulinin "Həqiqət üs-süəda" əsərini (şərikli), Məsihinin "Vərqa və Gülşa" poemasını, "Şəhriyar" dastanını, habelə Nəsimi, Əmani və başqalarının əsərlərini tərtib və nəşr etdirmişdir.

Uzun illər Azərbaycan Təhsil Nazirliyində "Ədəbiyyatşünaslıq" bölməsinin rəhbəri olmuş, orta və ali məktəblər üçün dərslik, dərs vəsaiti və proqramların hazırlanmasında bilavasitə yaxından iştirak etmişdir. Əsərləri xarici ölkələrdə nəşr edilmişdir.

Alim 1966-cı ildə namizədlik, 1983-cü ildə dok­torluq dis­ser­tasiyalarını müdafiə etmiş, 1989-cu ildə Azərbaycan Milli Elmlər Aka­demiyası­nın müx­bir üzvü se­çilmişdir.

O, 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliy­yət göstərmişdir. 

Ə.Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil etmişdir.

2002-ci il­dən AMEA-nın Nizami adına Ədə­biyyat İns­ti­tu­tun­da əmək fəaliyyətini davam etdirən alim bu elmi müəssisədə Orta əsrlər Azər­baycan ədə­biy­ya­tı şöbəsinin müdiri vəzifəsində çalışırdı. 2015-ci ildə o, Ədəbiyyat İnstitutu tərəfindən “İlin alimi” fəxri adına layiq görülmüşdür.

Ədəbiyyatşünas alim 150-dən çox elmi əsərin müəllifi idi. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında onun böyük xidmətləri olmuşdur. O, ədəbiyyatşünaslıq sahəsində 15 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirmişdir. 

Şərəfli ömür yolu keçmiş Əliyar Səfərlinin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: