Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Hətəm Quliyevin 70 yaşı tamam olur
06.01.2017 09:24
  • A-
  • A
  • A+

Akademik Hətəm Quliyevin 70 yaşı tamam olur

Yanvarın 6-da Azərbaycanda geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cism mexanikası, tətbiqi riyaziyyat sahələri üzrə görkəmli alim, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyevin 70 yaşı tamam olur.

Hətəm Hidayət oğlu Quliyev 1947-ci il yanvar ayının 6-da Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universite­tinin mexanika-riyaziyyat fakültəsini “Mexanika” ixtisası üzrə bitirmişdir.

O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda (AMEA RMİ) kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi, 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonradan Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda Geodinamika və dağ mexanikası şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildən AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəridir. 2001-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.

H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cism mexanikası, tətbiqi riyaziyyat və kosmologiyanın müxtəlif sahələri üzrə görkəmli alimdir. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli daxildir. Həmçinin Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının geomexaniki diferensial meyarlarının verilməsi, Yerin bərk nüvəsi üzrə bu meyarların tələblərinin ödənilməməsinin isbatı, Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının inteqral kriteriyalarından olan Yerin məxsusi rəqslər məlumatlarının interpretasiya olunması üçün, fiziki-mexaniki xüsusiyyətləri darinlik üzrə qeyri-bircins olan üçlaylı kompozit kürənin məxsusi rəqslər məsələsinin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması da alimin əsas elmi nəticələri sırasındadır.

Alim Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri xətti məsələlərin həlli, kosmologiyada aləmin əbədi dövranı paradiqmasının irəli sürülməsi, aləm, fəza və vaxt məhfumlarının yeni təyini və bir sıra digər elmi istiqamətlər üzrə də mühüm işlər görmüşdür.

Akademik 5 monoqrafiya, 267 elmi əsər (139-u xaricdə), 2 ixtiranın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 21 fəlsəfə doktoru hazırlanmışdır.

H.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) və bir sıra  respublika təşkilatlarının (ARDNŞ, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHIRVAN OIL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) və ARDNŞ-in Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

Geomexanik alim AMEA-nın daimi fəaliyyət göstərən Elmi Nailiyyətlər Sərgisinin təşkili üçün Sərgi Komissiyanın sədri, Amerika Neftçi Mühəndislər Cəmiyyətinin, Amerika Neftçi Geoloqlar Cəmiyyətinin Azər­bay­can bölməsinin, Avropa Mühəndis-Geoloqlar və Geofiziklər Assosiasiyasının, Azərbaycan Geoloqlarının Milli Komitəsinin büro üzvü, Azərbaycan Geofiziklərinin Milli Komitəsinin, Beynəlxalq «Геофизический журнал» və «Вестник Киевского Национального Университета», AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası), “Geofizika yenilikləri” və “Mexanika” jurnallarının redaksiya heyətlərinin, Oksford Akademiyasının üzvüdür.

Alimin quyuların dayanıqlığının üçölçülü riyazi nəzəriyyəsinə həsr olunan monoqrafiyası 1988-ci ildə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala layiq görülmüşdür. O, 2007-ci ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Tanınmış elm mücahidini 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: