www.science.az
29.12.2016 15:30

"Çay plantasiyalarının suvarılması rejimi və texnikası" kitabı işıq üzü görüb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyevin "Çay plantasiyalarının suvarılması rejimi və texnikası" kitabı çapdan çıxıb.

Nəşrdə alimin 55 illik fəaliyyəti dövründə Azərbaycanda çay plantasiyalarının nəzəri və praktik məsələlərinə həsr olunan elmi tədqiqatları yer alıb.

Kitabda Azərbaycanın çaybecərilən subtropik bölgələrində çay bitkisinin ekoloji-bioloji baxımdan daha əlverişli becərilmə üsulları əksini tapıb. Burada torpağın su rejiminin bütövlükdə nizamlanması və çay plantasiyalarında stabil yüksək məhsul almaq üçün suvarmanın tətbiq edilməsi mühüm aqrotexniki amil kimi göstərilib.

Çay bitkisinin yaxşı inkişaf etməsi üçün torpağın optimal rütubətliliyi laborotoriya və vegetativ tədqiqatlar aparılaraq müəyyən olunub, çay bitkisinin mineral qida elementlərinin intensiv mənimsənilməsi və nitrifikasiya prosesinə torpağın müxtəlif rütubətlənməsinin təsiri aydınlaşdırılıb.

Monoqrafiyada çay plantasiyalarında suvarma rejiminin müəyyən edilməsi üsulları, mikroiqlim şəraiti, çay bitkisinin fizioloji və məhsuldarlıq göstəricilərinə dair materiallar yer alıb. Çay plantasiyalarının suvarılma vaxtı, üsulları, texnikası və rejimi müəyyənləşdirilib. 

Kitab aqronom, meliorator, torpaqşünas, aqrokimyaçı, kənd təsərrüfatı və meliorasiya fakültələrinin tələbələri, magistr, dissertant və doktorantlar, həmçinin çayçılıq təsərrüfatı ilə məşğul olanlar üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.