Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yaqub Mahmudov: "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vacibdir"
29.12.2016 09:52
  • A-
  • A
  • A+

Yaqub Mahmudov: "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vacibdir"

Dekabrın 28-də AMEA-nın Tarix İnstitutunda Elmi Şuranın 2016-cı il üzrə son iclası keçirilib.

Tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

AMEA-da həqiqi və müxbir üzvlüyünə vakant yerlərə keçiriləcək seçkilər haqqında məlumat verən Y.Mahmudov tarix ixtisası üzrə AMEA-nın həqiqi üzvü üçün 3 , müxbir üzvü üçün isə 1 yer ayrıldığını bildirib.

İclasda İnstitutun Elmi Şurası tərəfindən AMEA-nın həqiqi üzvlüyünə seçkilərdə iştirak etmək üçün AMEA-nın müxbir üzvləri Nərgiz Axundova və Yaqub Mahmudovun namizədlikləri irəli sürülüb.

Çıxış edən tarixçi-alimlər Cəbi Bəhramov, Məryəm Seyidbəyli, Tofiq Nəcəfli, İradə Bağırova, Tofiq Mustafazadə, Şahin Fazil və başqaları hər iki namizədin elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndiriblər.

İclasda bildirilib ki, 2016-cı ildə institutda 49 adda yeni kitab çap olunub. İnstitutun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli qeyd edib ki, bu elmi müəssisədə son 12 il ərzində 350-ə yaxın kitab çap olunub. Qeyd edək ki, bu göstərici ümumiyyətlə 2004-cü ilədək - 65 il ərzində Tarix İnstitutunda çap olunmuş kitabların sayından daha çoxdur.

Tarix üzrə elmlər doktoru Tofiq Mustafazadə çıxışında bildirib ki, 2016-cı ildə institutda önəmli əsərlər nəşr olunub. Bildirib ki, “İtirilmiş torpaqların tarixi” problemi çərçivəsində institutda qısa müddət ərzində İrəvanın, Qarabağın, Naxçıvanın, Göyçə və Zəngəzurun, Şimal-Qərbi Azərbaycanın, Borçalının, Dərbəndin, habelə Cənubi Azərbaycanın tarixi ciddi araşdırılmağa başlamış, fundamental tədqiqat əsərləri yazılıb.

Xatırladaq ki, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Tofiq Mustafazadəyə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı verilib.

Toplantıda institutun “Elmi əsərləri” adlı jurnalının ingilis dilində çap olunması da qərara alınıb. Jurnalın məsul katibi isə institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Faiq qızı Axundova təyin olunub.

Sonda Yaqub Mahmudov bildirib ki, 2016-cı il institut üçün məhsuldar olub. Y.Mahmudov son illərdə tariximizə dair olduqca fundamental əsərlərin nəşr edildiyini söyləyib. Belə ki, bu il “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, 4 adda İrəvan xanlığının tarixinə dair broşürlər - “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub. Y.Mahmudov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: