www.science.az
28.12.2016 16:08

Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında iki yeni kitabın təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz QasımovunDilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduqları “Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitabın və həmin institutun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev xalqımızın əldə etdiyi ən böyük nailiyyətlərdən olan dövlət müstəqilliyimizin qazanılmasının 25-ci ildönümünündə elmi işçilərin üzərinə düşən vəzifələrdən danışıb. 

Kitabda Azərbaycan xalqının dövlət müstəqilliyi qazanmasında ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər, dövlətçiliyin möhkəmləndirilməsi, siyasi xəttin, inkişaf konsepsiyasının müəyyənləşməsində ulu öndərin uzaqgörən zəkasının oynadığı rol, qazanılan nailiyyətlər təhlil edilir.

Qeyd olunub ki, institutun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovun Azərbaycan Respublikasında Multikulturalizm ilinə ithaf olunan “Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı monoqrafiyası da öz aktuallığı ilə seçilir. Belə ki, yeni nəşrdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 130 illik tarixi ərzində teatrda tamaşaya qoyulmuş tərcümə əsərlərinin səhnə təcəssümü ilk dəfə olaraq sistemləşdirilmiş şəkildə tədqiq olunub. Kitabda, həmçinin Naxçıvan Teatrının yaranma tarixi, eyni zamanda formalaşma dövrü, onun müasir günümüzədək yaradıcılıq yolu, inkişafının ayrı-ayrı mərhələlərində baş verən tarixi hadisələr araşdırılıb.

Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan qiymətli əsər”, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Naxçıvan teatrına aid yeni tədqiqat əsəri” mözvusunda məruzə ilə çıxış ediblər.

Daha sonra məruzələr ətrafında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin, həmin institutun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun çıxışları dinlənilib.

Sonda müəlliflər çıxış edərək tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün onu da qeyd edək ki, “Müstəqillik yollarında: Liderlik missiyası” və “Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı kitablar bölmənin Mərkəzi Elmi Kitabxanasının “Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.