www.science.az
28.12.2016 10:06

Akademik İsa Həbibbəyli: “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsidir"

Dekabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bu mədəniyyət ocağının və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin təqdimatı olub.

Həmçinin tədbirdə Ədəbiyyat İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar.

K.Tahirov akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə hazırlanmış kitabın əhəmiyyətindən danışıb, müqavilənin hər iki qurum arasında gələcəkdə Azərbaycan elminin, ədəbiyyatının inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Akademik İ.Həbibbəyli müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, müasir inkişaf tendensiyaları haqqında danışıb. Qeyd edib ki, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsidir. Bu ikicildlik AMEA-da son illərdə başlanılan və ardıcıl davam etdirilən islahatların nəticəsidir.

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev müstəqillik dövrü ədəbiyyatının müxtəlif problemlərindən, müstəqilliyimizin 25 ilində ədəbiyyat sahəsində əldə olunan uğurlardan danışıb. V.Əliyev nəşrin gələcək nəsillərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatını öyrənmələrinə mühüm töhfə olacağını bildirib.

İ.Həbibbəyli Ədəbiyyatşünaslıq elminin tarixində bir neçə dəfə fundamental tədqiqatların ərsəyə gəldiyini diqqətə çatdırıb, müstəqilliyimizin ilk illərindən başlayaraq akademiyada bu sahədə aparılan elmi işlər haqqında məlumat verib. Hazırda AMEA-nın müxtəlif institutlarında fundamental elmi tədqiqatların inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Nəşrdə nəsrdə sosialçılıq, “repressiya” mövzusu, tarixin həqiqətləri, memuar ədəbiyyatı, realizmdən modernizmə, qadın yazıçıların yaradıcılığında müasirlik, 1990-cı illər şeirində ideya-məzmun yenilikləri, estetik təmayüllər, dekadans şeir mənzərələri, cənublu şairlər müstəqillik illərində, ədəbi qruplar və poetik manifestlər, yeni teatr estetikası axtarışları və digər konkret məqamlar 1990-cı illər ədəbi prosesi bütövlükdə və hərtərəfli əks olunur.

Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi barədə məlumat verib. "Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxarır"-deyən T.Əlişanoğlu akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səhifə) hazırlanmış kitabın monoqrafik səciyyə daşıdığını vurğulayıb.

Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər çıxış edənlər də müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan və yeni nəşrin əhəmiyyətindən danışıblar.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatına həsr edilən sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir