www.science.az
27.12.2016 16:19

AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin iki yeni monoqrafiyası təqdim edilib

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin ““Kitabi –Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” və “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib.

Tədbiri açan bölmənin sədri, akademik İsmayıl Hacıyev hər iki kitabın əhəmiyyətindən danışıb. Qeyd edib ki, etnoqraf-alimin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı kitabı Ali Məclisin Sədri tərəfindən Naxçıvan Universitetinin Dinşünaslıq ixtisası üzrə dərs vəsaiti kimi tövsiyə olunub.

Kitabda dünya insan münasibətləri, Qurani-Kərimdə, Hədisi-Şəriflərdə insanın daxili ailəmi, həyat və ölüm, kamillik həddinə yüksəlmə yolları araşdırılıb. Tədqiqat əsərində bir sıra dahilərin əsərlərindən parçalar verilib, onların məsələyə baxışları göstərilib.

Bildirilib ki, ““Kitabi-Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” adlı yeni nəşrdə adətlər, inamlar, ailə məişət münasibətləri əhatəli bir şəkildə təsvir edilib. Tədqiqatlarda daha çox ayrı-ayrı boylar üzrə qarşılaşdırmalara, tarixi proseslərə, bir sıra adət və inamların genezisinə üstünlük verilib. Kitabda ədəbiyyat materiallarından daha çox dastana və toplanılmış etnoqrafik materiallara istinad edilib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” və “Kitabi –Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” monoqrafiyaları tariximizin öyrənilməsində mühüm vasitə kimi” adlı məruzəsi dinlənilib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov və tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə mövzu ətrafında çıxış edərək hər iki kitabın elmi dəyərindən danışıblar.

Sonda müəllif Hacı Qadir Qədirzadə çıxış edərək elmi fəaliyyətinə göstərilən diqqətə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.