Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı növbəti kitabı işıq üzü görüb
26.12.2016 16:14
  • A-
  • A
  • A+

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı növbəti kitabı işıq üzü görüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı növbəti kitabı işıq üzü görüb. “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Kitaba müəllifin 2002-2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub. Nəşrdəki mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və daim aktualdır. Müəllifin müasir dünya nizamı, Azərbaycanın buradakı yeri və proqnozlaşdırılan gələcəyi, XXI əsrdəki yeni lideri və milli ideya barədə söylədiyi fikirlər, çıxardığı nəticələr zamanın axarında öz təsdiqini bütünlüklə tapıb.

Aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademikin yeni kitabı zamanla uzlaşan bu və ya digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.

Azərbaycanda Heydər Əliyev fenomeni haqqında düşüncələrə geniş yer verilən kitabda cəmiyyət və dövlət həyatının fəlsəfəsindən, tarixdə şəxsiyyətin rolundan bəhs olunur, hadisələr konkret zaman və tarixi şərait fonunda təhlil edilir. XX əsrin 70-ci illərindən başlayaraq müasir dövrümüzədək Azərbaycanda və onun ətrafında cərəyan edən hadisələr, habelə ictimai-siyasi, iqtisadi proseslər fikir süzgəcindən keçirilir. Yeni dünya nizamında milli ideyanın necə yaranması və formalaşması barədə suallara cavab axtarılır. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin Azərbaycan üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır.

Kitabda neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer ayrılır. Akademik R.Mehdiyev nəşrdə hakimiyyətin varisliyinin Azərbaycan nümunəsi barədə maraqlı mülahizələrini bölüşür.

Nəşrdə, həmçinin Heydər Əliyev şəxsiyyəti üçün xarakterik olan liderlik, xarizmatiklik, müdriklik və digər nadir keyfiyyətlərə, Ulu Öndərin xilaskarlıq missiyasına, milli ideyanın və məfkurənin formalaşdırılması, milli dövlət quruculuğundakı roluna və digər misilsiz xidmətlərinə toxunulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: