www.science.az
23.12.2016 17:10

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənildi

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2016-cı ili əhatə edən hesabat iclası keçirildi. Bölmənin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan 6 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Öncə AMEA Fizika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirdi ki, hesabat ilində institut əməkdaşları tərəfindən 3 istiqamətdə 9 mövzu üzrə 40 elmi-tədqiqat işi aparılmışdır. Xarici ölkələrin nüfuzlu jurnallarında 249, o cümlədən yüksək impakt faktorlu jurnallarda 232 məqalə, respublikada isə 102 məqalə çap olunmuşdur. 2016-cı ildə institut əməkdaşlarının məqalələrinə 4328 istinad qeydə alınmışdır.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, professor Misir Mərdanov cari ildə rəhbərlik etdiyi qurumda mühüm elmi-tədqiqat və elmi-təşkilati tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 332 elmi əsəri – 200 məqalə, 121 tezis, 7 monoqrafiya 6 dərs vəsaiti və dərslik işıq üzü görmüşdür. Məqalələrdən 78-i “Thomson Reuters” beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında çap edilmişdir.

AMEA İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirdi ki, 2016-cı ildə institutda böyük tətbiqi əhəmiyyəti olan 17 mövzu üzrə, 9 elmi tədqiqat işi aparılmış və bir sıra mühüm elmi nəticələr alınmışdır. Hesabat ilində 2 elmlər və 6 fəlsəfə doktoru dissertasiya işləri müdafiə edilmişdir.

T.Əliyev 2016-сı ildə institutun əməkdaşları tərəfindən 359 elmi əsər  çap olunduğunu, o cümlədən, 6 monoqrafiyadan 3-ü və 210 məqalədən 132-nin xaricdə çap edildiyini bildirdi. Onlardan 20-si "Thomson Reuters" və 23-ü Scopus bazalarında, 89-u isə digər xarici nüfuzlu jurnallarda  dərc olunub.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədov institutun illik hesabatı ilə bağlı çıxış edərək bildirdi ki, 2016-ci ildə 4 problem üzrə 11 mövzuya uyğun 21 elmi-tədqiqat işi yerinə yetirilmişdir. O, həmçinin Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda aparılan elmi tədqiqatlar barədə məlumat verdi.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov ŞAR-ın illik hesabatını təqdim edərək cari ildə 3 problem üzrə 4 mövzuda 11 elmi-tədqiqat işinin aparıldığını qeyd etdi. Həmçinin qurumun il ərzində əldə edtiyi mühüm elmi nailiyyətlər və praktiki astrofizika sahəsində görülən işləri diqqətə çatdırdı.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, akademik Fikrət Əliyev çıxış edərək cari ildə həyata keçirilən əsas elmi istiqamətlər, ümumrespublika və beynəlxalq tədbirlərdə iştirak, dünyanın nüfuzlu elmi nəşrlərində dərc olunan məqalələr, institutda dərc olunan jurnallar haqqında məlumat verdi.

Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov akademiyada 31 adda, 18 elmi istiqamətdə elmi-tədqiqat işlərinin aparıldığını bildirdi. Qeyd etdi ki, 2015-2016-cı ildə jurnallarda bu qurumun əməkdaşları tərəfindən 230 məqalə və tezis nəşr etdirilmişdir. Bunlardan 127-si respublikada, 103-ü isə xaricdə çap olunmuşdur.

AMEA-da yeni yaradılmış Biofizika İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Oktay Qasımov çıxış edərək institutun struktur bölmələri, əsas fəaliyyət istiqamətləri və nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2016-ci ildə əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırdı. O, Big Data və Data mining, Bulud texnologiyaları, İnformasiya təhlükəsizliyi, Biometrik texnologiyalar, İnformasiya cəmiyyəti istiqamətlərində araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırdı.

Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslarda 180 məruzə ilə iştirak etmiş, müxtəlif elmi jurnallarda 72 məqalə çap etdirmişlər. Bundan əlavə, institutda 1 kitab və 4 ekspres-informasiya nəşr olunmuşdur.

R.Əliquliyev, həmçinin 2016-cı ildə institutda həyata keçirilən elmi-təşkilati və elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, beynəlxalq layihələr, ali təhsil müəssisələri ilə əməkdaşlıq və digər istiqamətdə görülən işlər haqqında məlumat verdi.

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.