Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2016 12:09
  • A-
  • A
  • A+

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

Dekabrın 21-də “Fairmont Baku” otelində “İrəvan - gizlədilmiş həqiqətlər” (Azərbaycan, rus və ingilis dillərində) sənədli filminin  təqdimatı olub.

Sənədli film AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və AMEA-nın Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri barədə danışıb. Bildirilib ki, Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və üç dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı onun dünyaya yayılmasını asanlaşdırır.

N.Mehdiyev filmdə əsas məqsədin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq olduğunu vurğulayıb.

Sonra filmin nümayişi olub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bu layihənin Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından mühüm əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki, ermənilərin Azərbaycan tarixini necə saxtalaşdırdıqları, məhv etdikləri geniş coğrafiyada yayılmalıdır. Xaricə gedən dövlət rəsmilərimiz, QHT nümayəndələri, jurnalistlər, gənclərimiz, səfirliklərimizdə çalışan diplomatlar, diasporumuzun üzvləri bu filmin dünyada yayılmasına çalışmalıdırlar.

“Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikulturalizmə də, Qərbdəki multikulturalizmə də baxın. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, müxtəlif dinlərin mənsublarına özümüz qədər hörmət edirik, sevgi ilə yanaşırıq. Ancaq Qərb bir müddət başqa dildən, dindən olanlara dözümlülük göstərsə də, indi bu dözümlülüyü görmürük. Bu gün hamı görür ki, Qərb ölkələri miqrantlara, qaçqınlara hansı münasibəti göstərir, onları didərgin salır, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb sivilizasiyasının tolerantlığını təqdim edirlər. Onların tolerantlığı budur”, - deyə professor Əli Həsənov bildirib.

Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus qeyri-maddi, mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Vedibasar və digər tarixi ərazilərdə baş verib. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə heç bir şəhər İrəvan qədər talan olunmayıb. Yüzlərlə tarixi abidə məhv edilib. Qalan bir-iki abidə isə başqa millətlərə mənsub abidələr kimi göstərilir.

Nazir vurğulayıb ki, bu gün təqdim edilən film elmi araşdırmaların geniş ictimaiyyətə çatdırılmasında uğurlu vasitədir.

Tədbirdə Tarix İnstitutunun və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görülən işlərdən danışan AMEA-nın müxbir üzvü Yaqub Mahmudov vurğulayıb ki, hazırda Azərbaycan gərgin informasiya müharibəsinin əhatəsindədir və biz bu müharibədə qalib gəlməliyik. Ermənistan bu cür mədəniyyəti olan bir şəhəri dağıtmaqla kifayətlənməyib, ətraf əraziləri də işğal edib. Nəticədə Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var. Ermənilərin həyata keçirdikləri vandalizmi sübut etmək üçün bundan sonra da belə layihələr reallaşdırılmalıdır. Həmin layihələr həyata keçirilən zaman indiki Ermənistan ərazisində mövcud olan və dəyişdirilmiş Azərbaycan toponimlərinin də gündəmə gətirilməsi olduqca vacibdir.

Filmlə bağlı fikirlərini bölüşən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildiriblər ki, bu ekran əsəri xalqımızın maddi-mənəvi irsinə, o cümlədən tarixi və dini abidələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm aktlarından bəhs edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: