Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev: AzScienceNet elm-kompüter şəbəkəsi elm və təhsilin inteqrasiyası prosesində mühüm vasitədir
21.12.2016 15:27
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: AzScienceNet elm-kompüter şəbəkəsi elm və təhsilin inteqrasiyası prosesində mühüm vasitədir

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Elm və təhsilin inteqrasiyasında informasiya-kommunikasiya texnologiyalarının rolu və perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.

Akademik Rasim Əliquliyev AzScienceNet elm-kompüter şəbəkəsinin elm və təhsilin inteqrasiyası prosesində mühüm vasitələrdən biri olduğunu bildirib. Akademik AzScienceNet-in göstərdiyi xidmətlər, beynəlxalq əlaqələri və perspektivləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Şəbəkənin elm və təhsil müəssisələrinin e-kitabxana resurslarının inteqratoru funksiyasını yerinə yetirə biləcəyini deyən məruzəçi ölkənin təhsil müəssisələrini AzScienceNet-in xidmətlərindən istifadə etməyə çağırıb.

Akademik İnternetin tədris prosesinə müsbət və mənfi təsirləri haqqında danışıb. Qeyd edib ki, ölkəmizdə virtual distant təhsilin formalaşması üçün intellektual öyrədici onlayn resurslar, həmçinin biliklərin qiymətləndirilməsi üçün intellektual testoloji məhsullar hazırlanmalıdır. Onun sözlərinə görə, müasir dövrün çağırışları və reallıqları kontekstində pedaqoji və digər əlaqəli elmlərin qarşısında duran problemlərin araşdırılmasına multidissiplinar akademik elmi dəstəyin verilməsinə ehtiyac var.

AMEA-nın akademik-katibinin toxunduğu növbəti mövzu elmi biliklərin təhsilə transformasiyası haqqında olub. Akademik diqqətə çatdırıb ki, müasir dövrdə elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdən ibarətdir, bunun üçün isə insan fəaliyyətinin bütün sferalarında onlayn mühitlər üzrə kadr potensialı formalaşdırmaq lazımdır.

Məruzəçi çıxışının sonunda ölkəmizin həm real, həm də virtual məkanda müdafiəsini təmin etmək üçün kiberəsgərlərin yetişdirilməsi zərurətindən bəhs edib. Bildirib ki, bu məqsədə çatmaqdan ötrü şagirdlərə və tələbələrə İnternet resurslarında, sosial şəbəkələrdə, Wikipediada və  digər mənbələrdə səmərəli fəaliyyət göstərmələri üçün zəruri biliklər tədris olunmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: