www.science.az
21.12.2016 14:17

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib

Dekabrın 21-də AMEA-nın Əsas binasında bu qurumun Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq elmi sessiyanın əsas məqsədinin Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlərin və qarşıda duran vəzifələrin müzakirəsi olduğunu söyləyib.

"Elm və təhsil: problemlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış edən AMEA rəhbəri bildirib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.

Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini xüsusi qeyd edən akademik Akif Əlizadə institutlarda təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Son illər dövlətin bilavasitə dəstəyi sayəsində elmdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən akademik Akif Əlizadə "Elm haqqında" Qanunun Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmasını mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, sənəddə yeniliklərdən biri ölkə başçısının bilavasitə təşəbbüsü ilə magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsidir. Vacib məqamlardan digərinin isə elmi fəaliyyətin akkreditasiyası ilə bağlı olduğunu deyən AMEA rəhbəri hazırda bununla bağlı müvafiq mexanizmlərin hazırlandığını diqqətə çatdırıb.

Ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində mövcud problemlərin həlli üçün elm və təhsil ictimaiyyətindən sistemli, enerjili fəaliyyətin tələb olunduğunu deyən akademik Akif Əlizadə bu istiqamətdə vəzifələrin icrası üçün səylərin birləşdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası" mövzulu məruzə ilə çıxış edib. Nazir bildirib ki, ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan iki qurumun - Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində keçirilən bugünkü birgə tədbir xüsusi əhəmiyyətə malikdir.

Tədbirin elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolundan, bu sahədə aparılan islahatlardan, mövcud problemlərdən və problemlərin həll yollarından danışmaq imkanı yaratdığını qeyd edən nazir  aparılacaq müzakirələrin və qəbul olunacaq qərarların elm və təhsil sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsini, inteqrasiyasının təmin edilməsini təşviq edəcəyinə ümidvar olduğunu nəzərə çatdırıb.  

Nazir bildirib ki, bu gün müstəqil dövlətimiz  Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində öz inkişafını davam etdirməkdədir. Keçdiyimiz yola nəzər salanda görürük ki, müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf etmişdir. Bunu rəqəmlər daha yaxşı təsdiq edir. Əgər 1990-cı ildə respublikada 105 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, 2016-cı ildə ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatmışdır. Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfəyə yaxın artmışdır. Aspiranturada, son illər isə doktoranturada təhsil alanların sayı 1990-cı ilə nisbətdə 2 dəfədən çox artaraq 2.875 nəfər təşkil etmişdir. Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min insan elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 12 min nəfəri fəlsəfə doktoru, 2500 nəfəri isə elmlər doktorudur.

Sonra təhsil naziri qeyd edib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır.Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə, yeni texnologiyalardan istifadə etməsinə və xarici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdırlar.

Təhsil naziri, həmçinin universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasına başlanıldığını, bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan Startap məktəbinin artıq ilk buraxılışı olmuşdur. Layihənin məqsədi Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək verməkdir.

Təhsil naziri "Tədqiqat universitetləri"nin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoyduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb. Keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq olmaz. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır.

Çıxışının sonunda nazir təhsil müəssisələri, elmi təşkilatlar və biznes strukturlarının səylərini birləşdirərək ölkəmizdə elmin inkişafına öz töhfələrini verəcəyinə inandığını deyib.

Daha sonra məruzələr ətrəfında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və Təhsil naziri Mikayıl Cabbarovun məruzələrinin nəzərə alınması, elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planı hazırlanması qərara alınıb. Sənəddə ali təhsil müəssisələrinin elmi fəaliyyətinin təşviqi və stimullaşdırılması, təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə AMEA-nın elmi-tədqiqat müəssisələrində ali təhsil müəssisələri üçün təcrübə mərkəzlərinin təşkili, həmin mərkəzlərdə ali təhsil müəssisələri tərəfindən tədqiqatların aparılması və tələbələrin təcrübə keçməsinə şərait yaradılması, həmçinin birgə elmi tədqiqatların aparılması və elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi və digər məsələlər öz əksini tapıb.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA-nın Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış ediblər. Çıxış edənlər ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində həyata keçirilən islahatlardan, dövlət proqramlarından, görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.