www.science.az
20.12.2016 15:07

Görkəmli alim Arif Mehdiyev son mənzilə yola salınıb

Bu gün AMEA-nın Əsas binasında respublikada informatika sahəsində mühüm xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Şəfayət oğlu Mehdiyevlə vida mərasimi keçirildi.

Vida mərasimində AMEA Rəyasət heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirdi.

Mərhumun AMEA-nın Əsas binasının salonunda postament üzərindəki tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirdi. Akademik A.Əlizadə ölkəmizdə informatika sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Arif Mehdiyevin səmərəli elmi fəaliyyətindən, Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən danışdı. Bildirildi ki, akademik A.Mehdiyevin simasında Azərbaycan elmi böyük informatik alimi itirib.  

Arif Mehdiyevin elmi araşdırmalarının yarımkeçiricilər fizikası və kosmik informasiya sahəsi ilə sıx bağlı olduğunu söyləyən AMEA rəhbəri bildirdi ki, alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr vermişdir.

Qeyd olundu ki, A.Mehdiyev Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi ilə aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılmışdır. Alim bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri oluşdur.

AMEA-nın rəhbəri vurğuladı ki, 300-dən artıq elmi əsərin müəllifi olan akademik A.Mehdiyev elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər ərzində Azərbaycan Neft Akademiyasının və Azərbaycan Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanmışdır.

Diqqətə çatdırıldı ki, akademik Arif Mehdiyevin elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan A.Mehdiyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Vida mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Fizika İnstitutunun direktor müavini, akademik Cavad Abdinov və akademik Roald Saqdeev A.Mehdiyevin zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.

Mərhumun ailəsi adından çıxış edən qardaşı Ülvi Mehdiyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salındı.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.