www.science.az
19.12.2016 16:47

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycanda informatika sahəsində mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Şəfayət oğlu Mehdiyev dekabrın 19-da 82 yaşında vəfat edib.

Akademik Arif Mehdiyev 1934-cü il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Moskva Elektrotexniki Rabitə İnstitutunu bitirərək AMEA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1984-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1987-ci ildə isə professor elmi adını almışdır. Akademik elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Məlumat-ölçü və hesablama texnikası” kafedrasının professoru seçilmiş, 2002-ci ildən Milli Aviasiya Akademiyasının “Ekologiya və aerokosmik monitorinq” kafedrasına rəhbərlik etmişdir. 2001-сi ildə AMEA-nın həqiqi üzvü seçilmiş, AMEA-nın vitse-prezidenti vəzifəsində (2001-2007) çalışmışdır. 2002-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri idi.

Arif Mehdiyev məsafədən aerokosmik tədqiqatlarda yerüstü və bort məlumat-ölçü komplekslərinin işlənib hazırlanması sahəsində Yerin kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirmiş, coğrafi-məlumat sistemləri texnologiyalarının kosmik məlumatların emalına tətbiqi sahəsində mühüm əhəmiyyətli nəticələr əldə etmişdir. Onun rəhbərliyi ilə hazırlanmış yerüstü və təyyarə məlumat-ölçü kompleksləri “Günəş-84” Beynəlxalq Eksperimentində istifadə edilmiş, həmçinin Polşa, Çexoslovakiya, Monqolustan və Macarıstan kosmonavtları kosmosda uçan zaman həmin ölkələrdə aparılan peykaltı tədqiqatları yerüstü ölçmələrlə təmin etmişdir. O, kosmik fəzanı tədqiq edən peyk cihazlarının, o cümlədən “Salyut-Soyuz” orbital kompleksinin bortunda fəaliyyət göstərən RS-17 rentgen spektrometrinin, “Pulsar-X-1” rentgen teleskopunun yaradılmasında fəal iştirak etmişdir. Alimin elmi fəaliyyəti son illərdə ətraf mühitdə, Xəzər dənizində baş verən ekoloji dəyişikliklərin, o cümlədən dənizin Azərbaycan sektorunda neft çirklənmələrinin qeydə alınması və qiymətləndirilməsində daha mütərəqqi tədqiqat üsullarının tətbiqinə yönəlmiş, radiolokasiya sistemi vasitəsilə alınmış təsvirlərin emalı nəticəsində çox kiçik ölçülü neft ləkələrinin qeydə alınması, onların istiqamətinin və yerdəyişmə sürətinin müəyyənləşdirilməsi yüksək dəqiqliklə həyata keçirilmişdir.

Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru, 7 elmlər doktoru dissertasiyaları müvəffəqiyyətlə müdafiə edilmişdir.

Alim Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü idi. O, 1992-2008-ci illərdə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti seçilmişdir.

Arif Mehdiyev 2004-cü ildə Azərbaycan elmi qarşısında xidmətlərinə görə akademik Yusif Məmmədəliyev adına medalla, 2005-ci ildə isə Aerokosmik sənaye sahəsində qazandığı uğurlara görə Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qızıl medal”ına layiq görülmüşdür. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə “Mühəndislik rəşadəti” medalı ilə, 2013-cü ildə isə Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik rəşadəti” qızıl medalı ilə təltif edilmişdir.

Azərbaycan SSR Əməkdar Elm və Texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. Alim 1979-cu ildə “Şərəf Nişanı” və 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Arif Mehdiyevin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Görkəmli alimlə vida mərasimi dekabrın 20-də saat 14:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında keçiriləcək.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.