Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Türkiyə fəlsəfi fikrinin zirvəsi - Hilmi Ziya Ülkən" adlı kitab nəşr olunub
15.12.2016 13:51
  • A-
  • A
  • A+

"Türkiyə fəlsəfi fikrinin zirvəsi - Hilmi Ziya Ülkən" adlı kitab nəşr olunub

Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Aytək Məmmədovanın "Türkiyə fəlsəfi fikrinin zirvəsi - Hilmi Ziya Ülkən" kitabı çapdan çıxıb.

Türkiyənin böyük mütəfəkkiri prof. Hilmi Ziya Ülkənin anadan olmasının 115 illiyinə ithaf edilmiş kitab Azərbaycanda mütəfəkkirin irsinin araşdırıldığı ilk geniş tədqiqat əsəridir.

Nəşrin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarova, rəyçisi akademik Vasim Məmmədəliyevdir. Türkiyəli alim, "Türk Yurdu" dərgisinin redaktoru Dr. Fahri Atasoy kitaba "Hilmi Ziya Ülken və türk düşüncəsi" başlıqlı ön söz yazıb.

Kitabda "Əsrin düşüncə rəmzinə çevrilən alim", "Hilmi Ziya Ülkənin yaradıcılığında türk təfəkkür tarixinin inkişaf mərhələləri", "Hilmi Ziya Ülkən orta əsr Şərq fəlsəfəsinin tarixi haqqında", "Hilmi Ziya Ülkənin yaradıcılığında Şərq-Qərb məsələləri", "XX əsr Azərbaycan mədəniyyəti tarixinə dair",  "I Türkoloji Qurultayı haqqında", "Hilmi Ziya Ülkənin insan və cəmiyyət haqqında düşüncələri", "Türk dünyasının universal zəkası - Hilmi Ziya Ülkən şəxsiyyəti" adlı bölmələr yer alıb. Bölmələrdə türk təfəkkür, düşüncə tarixinin görkəmli araşdıcısı olan alimin yaradıcılığında Şərq fəlsəfəsi, Şərq-Qərb məsələləri haqqında məsələlər öz əksini tapıb. 

Bildirilib ki, alim XX əsr Azərbaycan mədəniyyəti tarixi ilə yaxından tanış olmuş və şəxsən tanıdığı Türk dünyasının böyük şəxsiyyətləri Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun yaradıcılıq irslərini yüksək dəyərləndirmişdir. H.Z.Ülkənin əsərlərində 1926-cı ildə Bakıda keçirilən Birinci Tür­­koloji Qurultaya dair məsələlər geniş şəkildə göstərilmişdir. Türkiyəli mü­tə­fək­kirin qurultay haqqında əsərləri Əli bəy Hüseynzadənin qeydləri əsasında yazılıb.

Kitabda H.Z.Ülkənin alim olmaqla yanaşı, müəllimlik fəaliyyəti də əks olunub. Qeyd olunub ki, mütəfəkkirin təlim-tərbiyə ilə bağlı əsərləri, xüsusilə "Təhsilin fəlsəfəsi" ("Eğitim Felsefesi") kitabı onun  müəllimlik təcrübəsinin və dərin elmi biliyinin göstəricisidir. Hilmi Ziya Ülkən insanın yaranışını, təlim-tər­bi­yə­nin və təhsilin insanın həyatında, formalaşmasında mühüm yerini, cə­miyyət daxilində fəaliyyətini tarixilik prinsipindən, dövrünün qay­da­ları baxımından araşdırmışdır. İnsan cəmiyyət münasibətində ən yük­sək, ən insani əsərin şəxsiyyət məsələsi olduğu mütəfəkkir tərə­fin­dən hərtərəfli izah edilmişdir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: