www.science.az
12.12.2016 14:04

Folklor İnstitutu Fransanın Yuxarı Alzas Universiteti ilə əməkdaşlığını genişləndirir

Fransanın Müluz şəhərinin Yuxarı Alzas Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, həmçinin Azərbaycandakı bir neçə elmi qurumlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın müsbət nəticəsidir ki, Yuxarı Alzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası və Məhsəti Gəncəvi salonu yaradılıb.

Qeyd edək ki, Yuxarı Alzas Universitetinin filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı tədris edilir, Azərbaycan-Fransa elmi-mədəni əlaqələri çərçivəsində müxtəlif simpoziumlar keçirilir.

Universitetin sıx əməkdaşlıq etdiyi elmi qurumlardan biri də AMEA-nın Folklor İnstitutudur. Qeyd edək ki, Folklor İnstitutu ilə əlaqələrin yaranmasında və genişlənməsində Xocalı faciəsinə və 1918-ci ilin 31 mart qırğınına musiqi əsərlərini həsr etmiş Pyer Tiluanın rolu böyük olub. Əvvəllər bir neçə dəfə AMEA-nın Folklor İnstitutunda olan bəstəkar institut rəhbərliyinin xahişi ilə “Kitabi-Dədə Qorqud” eposunun süjeti əsasında simfonik poema bəstələyib.

2016-cı ilin noyabr ayında Yuxarı Alzas Universitetində “Multikulturalizm, beynəlmiləlçilik və milli dəyərlər: Qafqaz xalqları nümunəsində” mövzusunda beynəlxalq elmi simpoziumun təşkili ərəfəsində sözügedən elmi müəssisənin Filologiya fakültəsinin dekanı Qreta Komur, bəstəkar Pyer Tilua, həmçinin fakültənin əməkdaşları və simpoziumun təşkilatçıları Tatyana Musinova, Nikoli Dzyub, İnkar Karamayeva ilə birlikdə Folklor İnstitituna gələrək birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Razılığa əsasən Qazaxstan, Türkmənistan, İran, Türkiyə, Serbiya, Rusiya respublikalarından alimlərin simpoziumda iştirakının təşkilatçısı Folklor İnstitutu olub.

Azərbaycanın elm adamları 5-6 dekabr 2016-cı il tarixində Fransanın Yuxarı Alzas Universitetində “Multikulturalizm, beynəlmiləlçilik və milli dəyərlər: Qafqaz xalqları nümunəsində” simpoziumunda iştirak edib. Simpoziuma dünyanın 11 ölkəsinin alim və mütəxəssisləri qatılıblar.

Tədbirdə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Gəncə Dövlət Universiteti və AMEA Folklor İnstitutundan nümayəndələr iştirak ediblər.

Simpoziumda Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Muxtar Kazımoğlu ““Kitabi-Dədə Qorqud” eposunda ölüm mələyi ilə mübarizə motivi”, institutun Təhsil şöbəsinin müdiri, fil.ü.f.d. Afaq Xürrəmqızı “Azərbaycan lahıcları və multikulturalizm”, Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil ““Kitabi-Dədə Qorqud”un Azərbaycanda öyrənilməsi tarixindən”, həmin şöbənin əməkdaşı Aynur Qəzənfərqızı ““Dədə Qorqud” və kumuk folkloru” və fil.ü.f.d. Sönməz Abbaslı ““Kitabi-Dədə Qorqud”un xarici dillərə tərcümə məsələləri” mövzusunda məruzələrlə çıxış  ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir