Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2016 15:16
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda ümummilli liderin xatirəsi anılıb

Şərqşünaslıq İnstitutunda ümummilli liderin xatirəsi anılıb

Dekabrın 12-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışdı. Qeyd etdi ki, Azərbaycan tarixinin 40 ili ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. G.Baxşəliyeva ulu öndərin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda, habelə keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə xalqının, doğma respublikanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri yada salaraq, Heydər Əliyevin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu dedi.

Bildirildi ki, bu gün Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Bu siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb.

Daha sonra çıxış edən iqtisad üzrə elmlər doktoru Dünyamalı Vəliyev, filologiya üzrə elmlər doktoru Elman Quliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova və başqaları Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da ulu öndərin xidmətləri heç zaman unudulmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: