www.science.az
05.10.2013 00:00

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları bəlli oldu

2013-cü il üçün fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Sayca 112-ci olan Nobel mükafatının qalibləri Amerikadan olan alimlər – Ceyms Rotman, Rendi Şekman və alman alimi Tomas Zyudof olub. Hər 3 nominant bu mükafata hüceyrələrarası qarşılıqlı hərəkətin tənzimlənməsi mexanizminin icadına görə layiq görülüblər.        

Tədqiqatçıların araşdırdığı “Vezikulyar nəqliyyat” hüceyrələrə siqnallarla mübadilə aparmaq imkanı verir. Alimlər hüceyrələrin zülal və digər maddələrin nəqli üzrə nəqliyyat sistemini necə təşkil etdiklərinin “sirri”ni açmağa müvəffəq olublar.  Hər bir hüceyrə molekulları istehsal və ixrac edir. Onlar hüceyrənin daxilində membran köpükcüklər - vezikul şəklində nəql olunurlar.  Alimlər sistemin fəaliyyət prinsiplərini aşkarlayaraq təsvir ediblər. meddaily.ru saytının məlumatına görə, bu sistemdə problemlər çox ciddi nəticələrə səbəb olur, əsəb xəstəlikləri, şəkər və immunoloji pozuntuların inkişafına şərait yaradır.           

53 yaşlı C.Rotman Yel Universitetinin professorudur.  R.Şekman 1948-ci ildə anadan olub, Kaliforniya və Stendford Universitetlərində təhsil alıb. Hazırda o, Berklidə Kaliforniya Universitetinin professorudur. T.Zyudof 1955-ci ildə Gettingen şəhərində anadan olub. 2008-ci ildən Stendford Universitetində hüceyrə və molekulyar fiziologiya sahələri üzrə professordur.        

Ənənəvi olaraq “Nobel həftəsi” çərçivəsində ilk olaraq tibb sahəsində qaliblərin adları açıqlanır. Daha sonra fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə mükafatların sahibləri məlum olacaq.       

Kimya üzrə mükafat sahiblərinin adları oktyabrın 9-da, ədəbiyyat üzrə 10-da, sülh naminə Nobel mükafatının qalibi 11-də, iqtisadiyyat üzrə isə oktyabrın 14-də məlum olacaq.        

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.