Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan elminin müasir inkişaf mərhələsinin banisi
12.12.2016 09:57
  • A-
  • A
  • A+

Azərbaycan elminin müasir inkişaf mərhələsinin banisi

Tarixin bütün inkişaf mərhələlərində elmin cəmiyyətin inkişafında ən mühüm faktorlardan biri olduğu həmişə etiraf edilmişdir. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinin ölkəmizin inkişafında xüsusi tarixi mərhələlərə çevrilmiş illərində (1969-1982 və 1993-2003-cü illərdə) cəmiyyətin bütün yönləri ilə yeniləşdirilməsi, daha da möhkəmləndirilməsi yollarında elm faktoruna böyük diqqət göstərməsi obyektiv reallıqların isbat olunmuş ifadəsi olduğunu bir daha sübut etmişdir. Bu mənada Heydər Əliyev: müasir cəmiyyətin inkişaf etdirilməsi və elm amilinin sintezi vəhdəti modeli ümummilli dirçəlişin və yüksəlişin mükəmməl modelidir. Heydər Əliyevin ölkəmizdə dövlət hakimiyyətinə rəhbərlik etdiyi illərin məsuliyyətli və şərəfli təcrübəsi bu gerçəkliyin əməli ifadəsindən ibarətdir. 

Məlum olduğu kimi, keçmiş sovet cəmiyyəti dövründə mövcud olan marksist-leninçi ideologiya Sovetlər İttifaqına daxil olan xalqların, o cümlədən Azərbaycan xalqının tarixi keçmişinin, böyük şəxsiyyətlərinin, milli ənənələrinin arxa plana keçirilməsinə və unutdurulmasına xidmət etmiş, əvəzində vahid sovet ailəsi, son onillikdə isə ümumi sovet xalqı anlayışı diktə olunmuşdur. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov xalqların soykökünün, tarixinin və milli dəyərlərinin zorla unutdurulması proseslərini “manqurtlaşdırma” kimi qiymətləndirmiş və özünün “Əsrə bərabər gün” adlı məşhur romanında kəskin tənqid etmişdi. Uzaq və yaxın tarixdə xalqların tarixi taleyində mühüm rol oynamış böyük şəxsiyyətlər çox vaxt istismarçı, dinçi, yaxud millətçi və ya müsavatçı adı ilə damğalanırdılar. Bundan başqa, müəyyən olunmuş dövlət nəzarəti vasitəsilə arxivlərdə tarixi hadisələrə və şəxsiyyətlərə aid mühüm sənədlər “tam məxfidir” qrifi ilə saxlanılır, istifadəsinə xüsusi icazə tələb olunur, demək olar ki, qadağa qoyulurdu. Ona görə də sovet dövrünün Azərbaycan ictimai düşüncəsi tarixi gerçəkliyi göstərmək əvəzinə, müəyyən edilmiş hazır ideoloji sxemlər əsasında dəyərləndirmə yolu ilə getməli olmuşdur. 

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələlərdə xalqımızın adlı-sanlı görkəmli ziyalıları, tanınmış alimləri və yazıçıları ilk növbədə respublika daxilində geniş təbliğ olunur, təltif edilir, fəxri adlara layiq görülür, seçkili orqanlarda yer tutmaq hüququ qazanırdılar. Beləliklə, Azərbaycan xalqı böyük xidmətləri olan görkəmli övladlarını daha yaxından tanıyır, yeni nəsillər milli iftixar hissi ilə tərbiyə olunurdular. İkincisi isə ulu öndər Heydər Əliyevin Sovetlər İttifaqında qazandığı böyük nüfuzu və onun ciddi təşəbbüsləri sayəsində xalqımızın istedadlı, qabiliyyətli nümayəndələrinin mühüm xidmətləri SSRİ miqyasında dövlət səviyyəsində qiymətləndirilir, onlar bu yolla sovet dövlətində və tədricən dünyada tanıdılırdılar. Böyük xalq yazıçıları Mirzə İbrahimova və Süleyman Rəhimova, xalq şairləri Rəsul Rzaya və Süleyman Rüstəmə, xalq artisti Rəşid Behbudova, xalq rəssamı Tahir Salahova, görkəmli alimlərdən Mustafa Topçubaşova və İsmayıl İbrahimova dövrün ən yüksək fəxri adının - Sosialist Əməyi Qəhrəmanı adının verilməsi nəinki Siyasi Büroda, keçmiş sovet respublikaları arasında da birmənalı qarşılanmamışdı. Eyni zamanda sovet hakimiyyəti illərində süni şəkildə millətçi kimi qələmə verilmiş Nəriman Nərimanovun Bakı şəhərində möhtəşəm abidəsini ucaltmaq da məhz Heydər Əliyevin siyasəti və iradəsi sayəsində mümkün olmuşdu. SSRİ Ali Sovetinə Azərbaycandan seçilmiş deputatların sıralarında da “fəhlə-kəndli hökuməti”nin ən yüksək qanunvericilik orqanında xalqımızın görkəmli elm xadimlərinin, ədəbiyyatımızı və incəsənətimizi təmsil edən adlı-sanlı ziyalıların olması da respublikanın uzaqgörən rəhbərinin böyük xidməti idi.

Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə Azərbaycan Elmlər Akademiyası özünün “altın dövrünü” yaşamışdır. Ölkəmizdə bu illərdə böyük elmi məktəblər yaranmış, görkəmli elmi simalar meydana çıxmışdır. Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə ölkəmizdə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi və akademiyanın “Xalqlar dostluğu” ordeni ilə təltif olunması elm tariximizin parlaq hadisələrindən biridir.

Azərbaycanda keçid dövründə yüksək ixtisaslı peşəkar kadrlar, elita əvəzinə, bolşevizmin hakimiyyətinin ilk dövründə olduğu kimi, “sıravilərin” ali hakimiyyət orqanlarında təmsil olunması halları yenidən üstünlük təşkil etmişdi. Buna görə də 1989-1992-ci illərin həm şərəfi, həm də xaosla dolu olan məsuliyyətli vaxtlarında sosializm quruluşunun dağılması fonunda Azərbaycan cəmiyyətində yeni hakimiyyətə gəlmiş qüvvələr Elmlər Akademiyasını dağıtmaq, Yazıçılar İttifaqını ləğv etmək şüarları ilə çıxış etməklə guya kütlələrin gözündə ucalmaq yolunu tutmuşdular. Lakin Mirzə Ələkbər Sabir demişkən “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə tökmüş, ayranı ayranlıq olmuşdu”. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycanda dövlət rəhbərliyinə qayıdışı ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən də ümumi inkişaf üçün xüsusi əhəmiyyətə malik olan elm və təhsil istiqamətində hər şey öz məcrasını tapmışdır. Heydər Əliyevin 12 noyabr 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimindəki nitqində dediyi uzaqgörən fikirlər hələ dövlət müstəqilliyinin bir ili yenicə tamam olmuş, sovet sosialist prinsiplərindən təzəcə qopmağa başlamış gənc Azərbaycan Respublikasında elm və təhsilin sonrakı inkişaf yoluna istiqamət vermək baxımından mühüm əhəmiyyətə malik idi. Həmin təntənəli mərasimdə ulu öndər Naxçıvan Dövlət Universitetinin qazandığı nailiyyətləri yüksək qiymətləndirməklə bərabər, həm də ümumiyyətlə, elmin və təhsilin müstəqillik şəraitindəki yeni inkişafı üçün çox zəruri olan aşağıdakı mülahizələrini də ictimaiyyətə çatdıraraq demişdi: “İndi Azərbaycan bir müstəqil dövlət kimi dünyanın hər bir dövləti ilə, hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin, öz dövlətinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir ölkədir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun ... əlaqələrini inkişaf etdirməyə daha da əlverişli şərait var və eyni zamanda dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları çoxdur. Çox yaxşı haldır ki, artıq bu barədə müəyyən addımlar atılıb, qonşu İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə, elmi mərkəzləri ilə Naxçıvan Dövlət Universiteti arasında müəyyən əlaqələr yaranıb... İndi artıq siz keçmiş Sovet İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə təşkil edəsiniz”. 

Böyük uzaqgörənliklə bəyan edilmiş bu müdrik fikirlər və irəli sürülmüş tövsiyələr bu gün də bütövlükdə müstəqil Azərbaycan respublikasında elmin və müstəqillik dövrünün prinsipləri əsasında inkişaf edirilməsinin əsas tezislərini özündə əks etdirir. Azərbaycan elmi də, ali təhsil sistemi də həmin uzaqgörən direktiv ideyaların işığında fəaliyyətini davam etdirərək ölkəmizə uğurlar qazandırır.

Azərbaycanda qədim tarixi və böyük ənənələri olan elmin ölkəmizdə sistemli şəkildə inkişaf etdirilməsində XX əsr xüsusi mərhələ təşkil edir. Bütün ideoloji çətinliklərinə baxmayaraq, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olmuşdur. Böyük dövlət xadimi Heydər Əliyevin 23 sentyabr 1993-cü ildə respublika ziyalıları ilə tarixi görüşündə Azərbaycan Elmlər Akademiyasının əhəmiyyəti və xidmətləri haqqında söylədiyi fikirlər cəmiyyətin inkişafında elmin roluna dair obyektiv qənaətləri ifadə edir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrlərdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, ...ancaq ümumən götürdükdə, şübhəsiz ki, elminin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq çox asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə, yox! ...Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Azərbaycan elmi inkişaf etməlidir... Biz bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən də ali təhsilimiz... inkişaf edəcəkdir”. 

Müstəqilliyin sonrakı illərindən bu günə qədər Azərbaycan elminin, Elmlər Akademiyasının keçdiyi çətin və şərəfli yol ulu öndərin ideyalarının böyük uğurla həyata keçirildiyini və ölkəmizdə elmin inkişafına böyük töhfələr verdiyini bütün aydınlığı ilə təsdiq edir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin haqlı olaraq dediyi kimi, Elmlər Akademiyasını “müasir elmimizin təşəkkül və inkişafının parlaq göstəricisi” hesab etmək mümkündür. 

Yeni quruluşun xarakterini, özünəməxsusluğunu nəzərə alan Heydər Əliyev Elmlər Akademiyasının müstəqil dövlətin prinsiplərinə uyğun statusda fəaliyyət göstərməsi üçün əhəmiyyətli addımlar atmışdır. Hər şeydən əvvəl, ölkə rəhbəri 15 may 2001-ci il tarixli Heydər Əliyevin fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmişdir. Bu, akademiyanın fəaliyyətinin keçmiş sovet ideoloji prinsiplərindən tam uzaqlaşaraq, xilas olaraq ölkənin və bütünlüklə təmsil etdiyi xalqın milli mənafelərinə və dövlətçilik maraqlarına xidmət etməsinin təmin olunmasına geniş imkanlar açmışdır. Ölkəmizin əsas elmi qurumuna Milli Elmlər Akademiyası adının verilməsi Azərbaycanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyəti arasında olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir”. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 ynavar 2003-cü il tarixli fərmanı əsasında Milli Elmlər Akademiyasının statusu və əhatə edəcəyi fəaliyyət sahələri müəyyənləşdirilmiş, ölkə üzrə bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat işlərinin əlaqələndirilmə işi akademiyaya həvalə olunmuşdur. Həmin mühüm tarixi əhəmiyyətə malik olan fərmanla Milli Elmlər Akademiyasının çoxillik fəaliyyəti dövründə ilk dəfə olaraq bu quruma geniş səlahiyyətlərin verilməsi təmin edilmişdir. Qeyd edilən fərmanda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respubilkasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”.

Məhz bu fərmandan sonra ölkədə Azərbaycan Respublikası üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası təsis edilmiş və bu quruma bağlı olan Problem Şuralarda yalnız Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının deyil, bütövlükdə ali məktəblərdə və sahə elmi müəssisələrində aparılan tədqiqat işlərinin, xüsusən də fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə mövzuların müəyyənləşdirilməsi məsələləri müzakirə olunmuş və təsdiq edilmişdir. Bu, ölkə miqyasında aparılan elmi-tədqiqatların vahid qaydada əlaqələndirilməsinə, təkrarçılığın, paralel mövzuların işlənməsinin qarşısının alınmasına, aparıcı elmi istiqamətlərin müəyyən olunmasına və həyata keçirilməsinə şərait yaratmışdır. Əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə 14 iyun 2016-cı ildə geniş müzakirələrdən sonra qəbul edilmiş “Elm haqqında” Qanunun tətbiq edilməsi barədəki 9 avqust 2016-cı il tarixli fərmanında Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına daha geniş səlahiyyətlər verilməsi respublikamızda həmin siyasətin uğurla davam etdirildiyini göstərir. Azərbaycan Respublikasının “Elm haqqında” qanundakı “Elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi” adlandırılan 22-ci maddədə bu qurumun fəaliyyət dairəsinin aşağıdakı redaksiyada verilməsi həmin davamlı prosesin yeni tarixi mərhələdəki ifadəsidir: “Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir”. Funksiyalarının genişliyini və aparacağı işlərin məsuliyyəti nəzərə alınmaqla Prezident İlham Əliyevin “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinə dair 9 avqust 2016-cı il tarixli 271-VQ nömrəli fərmanının 1.1.5-ci bəndində Elmi Tədqiqatların Əlaqələndirməsi Şurasının fəaliyyətinə dair Əsasnamənin Respublika Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi müəyyən olunmuşdur. Bu fərmandan sonra Elmi Tədqiqatların Əlaqələndirmə Şurası və ona bağlı olan ayrı-ayrı elm sahələri üzrə Problem Şuraları daha yüksək statusla elmi fəaliyyətin istiqamətləndirilməsinə, təhlil edilməsinə və proqnozlaşdırılmasına cavabdeh olacaqlar. Milli Elmlər Akademiyasının bütün tarixi ərzində ilk dəfə olaraq, 2015-ci ildə ümumi yığıncaqda akademik elmi qurumlarla yanaşı, ölkəmizin, demək olar ki, bütün ali təhsil ocaqlarının və sahə elmi-tədqiqat institutlarının hamısının hesabatları tam halda təqdim olunmuşdur. Bununla bərabər, 2015-ci ildə illik ümumi yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan elmi-tədqiqati institutlarının və elmi mərkəzlərin rəhbər heyəti və elmi-təşkilati qurumlarının məsul şəxslərinin yaxından iştirakı ilə keçirilmiş geniş müzakirələr ölkədə uğurla davam etdirilən elm siyasətinin mühüm nəticələrini meydana qoymuşdur. 

Müstəqillik illərində Azərbaycan elmi struktur-təşkilati cəhətdən də yeniləşir, təkmilləşdirilir və inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyasının yeni bölmələrinin və elmi-tədqiqat institutlarının yaradılması və inkişaf etdirilməsi müstəqil dövlətçiliyin nailiyyətlərindəndir. XXI əsrdə Azərbaycan Milli Elmlər Akademiyasının yeni elmi bölmələrinin və regional elmi mərkəzlərinin yaradılması ölkəmizin inkişafında elm faktorunun daha da güclənməsinə təkan vermişdir. Naxçıvan Bölməsinin və Gəncə Bölməsinin təşkili, Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətə başlanması, Humanitar və İctimai Elmlər Bölmələrinin müstəqil bölmələrə çevrilməsi müasir elmin ölkə miqyasında inkişaf etdirilməsinə, yeni ziyalı mərkəzlərinin formalaşdırılmasına meydan açır. Elmi potensialına və əldə etdiyi mühüm elmi nəticələrə görə ölkə rəhbəri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı əsasında yaradılmış AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin əsas elmi mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarında hazırlanan çoxcildlik nəşrlər, monoqrafik tədqiqatlar samballı ensiklopedik ədəbiyyatlar, antologiyalar və lüğətlər Vətən elminin daha da inkişaf etdirilməsinə və zənginləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 14 mart 2014-cü il tarixli sərəncamı ilə təsis edilmiş Gəncə Bölməsi elmin müxtəlif sahələri üzrə əldə etdiyi nəticələrlə yanaşı, Nizamişünaslığın əsas mərkəzlərindən biri kimi də diqqəti cəlb edir. Heydər Əliyevin siyasi fəaliyyətinin birinci dövründən - 1972-ci ildən fəaliyyət göstərən Şəki Regional Elmi Mərkəzində diyarşünaslıq və ipəkçilik üzrə aparılan tədqiqatlar regionun inkişafına kömək edir.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında 2015-2016-cı illərdə yeni yaradılmış elmi-tədqiqat institutları ölkə elminin ən mühüm istiqamətlər üzrə inkişafında mühüm rol oynayır. Bu elmi-tədqiqat ocaqları: Molekulyar Biologiya və Biotexnologiya, Biofizika, Qafqazşünaslıq, Elm tarixi institutlarında aparılan tədqiqatlar həm ölkə elminin inkişafına yeni töhfələr verir, həm də dünya elmi ilə inteqrasiya şəraitində beynəlxalq elmi proseslərdə alimlərimizin fəal iştirakına yol açır. Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən elmi tədqiqat institutlarının, demək olar ki, mütləq əksəriyyətində yeni şöbələr, sektorlar təşkil olunmuş, elmi jurnallar təsis edilmişdir. Azərbaycan Respublikasının ali məktəblərində də müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni açılmış ixtisaslar öz növbəsində təzə fakültələrin və kafedraların təşkil edilməsi ilə yüksək ixtisaslı mütəxəssis hazırlığı ilə birlikdə həm də elm sahələrinin genişləndirilməsinə, müasirləşdirilməsinə əhəmiyyətli dərəcədə təkan vermişdir. Bu gün müstəqil Azərbaycanda çevik və universal ali məktəb elmi inkişaf etməkdədir. Respublika səviyyəsində ayrı-ayrı nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları da məzmunca olduğu kimi, struktur və forma etibarilə də dəyişir, yeniləşir və modernləşdirilir. 

Hələ sovet hakimiyyətinin ən çətin dövrlərində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında təsərrüfat hesablı tədqiqatların aparılmasına başlanılmışdır. Həmin dövrdə Elmlər Akademiyasında səmərəli şəkildə fəaliyyət göstərmiş Təcrübə Konstruktor büroları bu qurumda elm yönlü sahibkarlıq fəaliyyətləri ilə məşğul olmağa imkan yaratmışdır. Ölkə rəhbərliyinin yaratdığı bu yeni elm-istehsalat mühiti iqtisadi səmərə gətirməklə yanaşı, həm də əldə olunmuş mühüm elmi nəticələrin tətbiq olunmasına, sınaqdan çıxarılmasına imkan yaratmışdır. Təəssüf ki, bu proses akademiyada sovet hakimiyyətinin süqutundan sonra dağıdılmışdır. Lakin Elmlər Akademiyasında həmin ideyalar yaşadılmış, 2013-cü ildən etibarən bərpa edilməsi təşkil olunmuşdur. Artıq Milli Elmlər Akademiyasında Dövlət Neft Şirkəti ilə bağlanmış müqavilələr əsasında AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının qurudakı neft yataqlarının yenidən qurulmasına və istehsalın səmərəliliyinin artırılmasına dair elmi layihələrini və təkliflərini tətbiq etmək imkanı qazanmışdır. Bunun ardınca 2014-cü ildə Daşkəsən filiz yataqlarının yenidən istismarında Milli Elmlər Akademiyası alimlərinin iştirakına yol açan daha bir kompleks müqavilə imzalanmış, axtarış-kəşfiyyat və texnoloji proseslərin müasir elmi üsullarla yenidən qurulması işlərinə start verilmişdir. Sonrakı vaxtlarda Naftalan neftindən kimyəvi maddələrin və tibbi dərmanların alınmasına dair elmi ideyalar və layihələr də istehsalatda öz yerini tapmağa başlamışdır. Hazırda Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi-tədqiqat institutlarının alimləri Sumqayıtda yeni kimya kompleksinin yaradılmasında, respublika kənd təsərrüfatının inkişafına, aqrar sahədə nailiyyətlər qazanılmasına xidmət edən təbii gübrə istehsalının təşkil edilməsində elmi layihələrlə iştirak edirlər. Respublika üzrə yerli təbii xammal əsasında dərman bitkilərindən tibbi məqsədlər üçün istifadəyə aid elmi layihələr və təkliflər Səhiyyə Nazirliyinin ali təhsil və elmi-tədqiqat müəssisələri ilə birlikdə hazırlanıb həyata keçirilməkdədir. Bundan başqa, ölkəmizdə yüksək informasiya texnologiyalarının tətbiqi vasitəsilə avtomatik elektron idarəetmə sistemlərinin təşkili, istehsalın ayrı-ayrı sahələrinin proqram təminatı və təchizatı üzrə elmi layihələr də respublikamızın ayrı-ayrı dövlət qurumlarında və sənaye sahələrində, özəl şirkətlərində həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası respublikamızda həyata keçirilməsi davam etdirilən “Elektron hökumət” proqramının əsas icraçılarından biridir. Milli 

Elmlər Akademiyasında fəaliyyət göstərən Təcrübə-Sənaye zavodunda elmi işçilərin konkret olaraq ölkədə rəqabətə davamlı məhsul istehsalı ilə məşğul olmaları elmdə yeni innovasiya və sahibkarlıq mühitinin formalaşmasına kömək edir. Artıq Təcrübə-Sənaye zavodunun 30-dan çox adda məhsul istehsal etməsi, daxili bazara çıxarması, xaricə çıxmaq üçün müqavilələr bağlayıb razılaşdırmalar əldə etməsi akademiyada əsası vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş təsərrüfat müqavilələri işlərinin inkişaf etdirilərək hansı səviyyəyə gəlib çatdığını aydın surətdə göstərir.

Zamanın və müasir inkişafın tələbi kimi meydana çıxan bu ideyalar ümummilli lider Heydər Əliyev ideallarının işığında Azərbaycan elminin yeni cəmiyyətin daha da inkişaf etdirilməsi və modernləşdirilməsində daha yaxından və fəal surətdə iştirakına yol açır. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimindəki nitqində müasir cəmiyyətin yüksək inkişafında elm faktorunun roluna və əhəmiyyətinə xüsusi diqqət yetirərək demişdir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə ifadə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır.

...Bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük... Çox istərdim ki, alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər”.

Azərbaycan Respublikasının “Elm haqqında” qanunun 2016-cı ildə qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verir. Bütövlükdə 7 fəsil və 40 maddədən ibarət olan “Elm haqqında” qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqaməti, yüksək ixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır. Bu, müstəqillik dövrü Azərbaycan elminin mükəmməl nizamnaməsidir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu Vətən elminin milli dövlətçilik maraqları və bəşəri meyarlar əsasında inkişaf etdirilməsinə geniş üfüqlər açır. 

Hazırda Azərbaycan Respublikasında elmin ən müxtəlif sahələri üzrə 2495 nəfər elmlər doktoru, 11874 nəfər isə elmlər namizədi çalışmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilərdə akademiklərin və müxbir üzvlərin də yeni nəsli yaranmışdır. İndi Azərbaycan Milli Elmlər Akademiyasının 63 nəfər həqiqi üzvü və 113 nəfər isə müxbir üzvü müxtəlif elm sahələrində uğurla fəaliyyətlərini davam etdirirlər. Elmin ən yeni və müasir istiqamətləri üzrə də yüksək ixtisaslı, elmi dərəcələrə malik mütəxəssislərin hazırlanması Azərbaycanın dövlət müstəqilliyinin mühüm nailiyyətidir. 

Ölkəmizin alimləri beynəlxalq miqyasda keçirilmiş elmi konfranslarda, simpoziumlarda, qurultaylarda Azərbaycan elmini layiqincə təmsil edirlər. Eyni zamanda Azərbaycan Respublikasında davamlı olaraq beynəlxalq səviyyəli elmi tədbirlər keçirilir, müasir dünyanın və respublikamızın, xalqımızın, regionun ən aktual problemləri müzakirə olunur. Azərbaycan alimlərinin elmin ən mühüm nəticələrini və nailiyyətlərini əks etdirən əsərləri dünyanın nüfuzlu nəşriyyatlarında və impakt faktoru jurnallarında çap olunur. Artıq Azərbaycanda da beynəlxalq standartlara cavab verən impakt faktorlu elmi jurnalların nəşrinə nail olunması son illərin mühüm elmi nailiyyətlərindən biridir. Bakı Dövlət Universitetində, Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda və Xəzər Universitetində çap olunan impakt faktorlu elmi jurnallar ölkə elminin mühüm göstəriciləri sırasında dayanır.

Akademiyanın inkişaf tarixində ilk dəfə olaraq 2014-cü və 2016-cı illərdə Bakı Elm festivallarının təşkil edilməsi elmin nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Azərbaycan alimlərinin Birinci Qurultayının keçirilməsi elm tariximizin mühüm hadisəsi olmaqla bərabər, həm də müasir dövrdə elmin inkişafının yeni üfüqlərinə işıq salmışdır. “Akademiya marşı”nın yaradılması və ilk dəfə Bakı Elm Festivalında səsləndirilməsi də diqqəti cəlb edən addımdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyən edir. Müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilib möhkəmləndirilməsinə, müasir elmi məktəblərin və yeni elmi nəsillərin formalaşdırılmasına, dünya birliyində xalqımızın və ölkəmizin tanıdılmasına xidmət etmək müasir Azərbaycan elminin şərəf işi və vəzifəsidir. 

Azərbaycan elmi ulu öndər Heydər Əliyev ideallarının işığında böyük addımlarla inkişaf edir. Hazırda dövlət səviyyəsində göstərilən böyük diqqət Azərbaycan elmini və Milli Elmlər Akademiyasını sürətlə irəli aparır.

İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin Elm və təhsil komitəsinin sədri

"Azərbaycan" qəzeti, 12 dekabr 2016-cı il

  • Paylaş: