Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı
08.12.2016 16:58
  • A-
  • A
  • A+

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm.

Heydər ƏLİYEV

Ölkəmizdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. O, hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərmişdir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində “Məlumat azadlığının təsbit olunması, hələ ondan əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən KİV haqqında Qanunun qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verdi.  Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bütün bu faktlar Azərbaycanda ənənvi media orqanlarının inkişafı ilə yanaşı, ilk İnternet-media nümunəsinin yaradılması üçün də geniş imkanlar yaradırdı.

Azərbaycanda ilk dəfə İnternetə çıxış 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildi. 1995-ci ildə isə Azərbaycanda mətbuatımızın bugünkü inkişafında mühüm xidmətləri olan ilk veb-portal – science.gov.az-ın əsası qoyuldu.  Həmin dövrdə akademiyanın rəsmi saytı www.ab.az adı altında fəaliyyət göstərirdi, 2003-cü ildə isə AMEA Rəyasət Heyətinin qərarı ilə sayt science.az adlandırıldı. Bu gün portal Azərbaycanın elektron mətbuatının “Əkinçi”si, ilk qaranquşu hesab olunur. Science.az Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən dəyərli və etibarlı informasiya mənbəyidir. Saytda akademik həyatın ictimaiyyət üçün əhəmiyyət kəsb edən bütün məlumatları operativ olaraq əks olunur.

1998-ci ildə ölkənin mətbuatı üzərində senzuranın ləğv olunması yeni dövr jurnalistikasının yaranmasına yol açdı. Artıq KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması ilə ölkə mətbuatının Avropa standartlarına uyğunlaşdırılması prosesi başlamışdı. Yeni qanunda, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanlarının maddi-texniki imkanlarının gücləndirilməsi məsələsi də öz əksini tapmışdır.

Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edildi.

Heydər Əliyev 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində həlledici rol oynadı. Məhz ulu öndərin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı. Bütün bu addımlar Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasını, jurnalsitika sahəsində yeni-yeni nailiyyətlərin əldə edilməsini sürətləndirdi.

Bu gün isə əminliklə demək olar ki, mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən, tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır.

Dövlət başçısı İlham Əliyev son illərdə mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan addımlar atır. 2005 və 2010-cu illərdə Prezidentin sərəncamları ilə milli mətbuatımızın 130 və 135 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur.

Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: