www.science.az
07.12.2016 15:32

Etnoqraf-alimin monoqrafiyaları işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin bu günlərdə ““Kitabi –Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” və “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyaları işıq üzü görüb.

“Kitabi–Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər” adlı monoqrafiyada “Kitabi –Dədə Qorqud” boylarında adətlər, inamlar, ailə məişət münasibətləri təsvir edilib. Onların Naxçıvan paralelləri, “Bilqamıs” dastanı, həmçinin digər türk xalqları ilə ortaq cəhətləri əks olunub. Tədqiqatlarda daha çox ayrı-ayrı boylar üzrə qarşılaşdırmalara, tarixi proseslərə, bir sıra adət və inamların genezisinə, müasir məişət münasibətlərində onların yerləşmələrinə üstünlük verilməsinə çalışılıb.

Qeyd edək ki, yeni nəşrdə ədəbiyyat materiallarından çox dastana və toplanılmış etnoqrafik materiallara istinad edilir.

200 səhifəni əhatə edən “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” adlı monoqrafiyada isə dünya insan münasibətləri, Qurani-Kərimdə, Hədisi-Şəriflərdə, həmçinin mənəvi mədəniyyətimizin ən ciddi məqamlarından sayılan insanın daxili ailəmi, həyat və ölüm, bunların vəhdəti, kamillik həddinə yüksəlmə yolları araşdırılıb. 2006-cı ildən qələmə alınan tədqiqat əsərində Nizami Gəncəvinin, İmammədin Nəsiminin, Məhəmməd Fizulinin və digər bir sıra dahi şairlərin əsərlərindən parçalar verilib, onların baxışlarında məsələyə münasibət göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.