Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.12.2016 12:51
  • A-
  • A
  • A+

“Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib

“Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib

Dekabrın 7-də “Fairmont Baku” otelində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Şeyxülislamlığın tarixi” kitabının təqdimatı olub.

Tədbirdə Milli Məclisin deputatları, bir sıra ölkələrin səfirləri, dini icmaların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Öncə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. A.Paşazadə Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsinin beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunduğunu və öyrənildiyini qeyd edib. 

Sonra çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə dinin xalqların dünyagörüşünün və mənəviyyatının formalaşmasında mühüm rol oynadığını söyləyib. "Ölkəmizdə dinlər arasında olan tolerantlıq münasibətləri hamı üçün müsbət nümunədir" - deyə bildirən AMEA rəhbəri qeyd edib ki, Azərbaycanda şeyxülislamlıq institutu tarixin sınağından çıxıb, şeyxülislamlar cəmiyyətin ağsaqqalları kimi mühüm rol oynayıblar. Bu baxımdan, belə kitabların nəşr edilməsi ilə şeyxülislamlar haqqında cəmiyyətin məlumatlandırılması çox əhəmiyyətlidir.

DQİDK-nın sədri Mübariz Qurbanlı deyib ki, bu kitab din tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən dəyərli bir mənbədir. Sevindirici haldır ki, bu gün belə bir kitab nəşr edilib. Bir tərəfdən həqiqi dini tariximizi öyrənə bilirik, digər tərəfdən isə islam dünyasına göstəririk ki, Qafqazın avanqard ölkəsi olan Azərbaycan islam dəyərlərinin təbliğində və qorunmasında mühüm rol oynayır.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov elmi ictimaiyyətə və Azərbaycan xalqına sanballı bir kitab təqdim olunduğunu söyləyib. Bildirib ki, bu kitabda 12 böyük din xadimi haqqında məlumatlar yer alıb.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin decani, akademik Vasim Məmmədəliyev və başqaları kitabın məziyyətlərindən danışıblar.

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının qərarı ilə çap olunmuş kitabın müəllifləri professor Anar İsgəndərov və Adil Mövlayi, elmi redaktoru akademik Vasim Məmmədəliyev, rəyçiləri akademik Yaqub Mahmudov, akademik Teymur Bünyadov, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəmərxanım Cavadlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: