www.science.az
07.12.2016 12:19

Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutuna hədiyyə edilib

Dekabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən son on ildə nəşr edilən biblioqrafiyalar AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə kitab və kitabxana işinin təşkili və inkişafı sahəsində görülən işlər barədə məlumat verib.  Akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının önəmindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsinin ədəbiyyatımızın və mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində rolundan danışıb. AMEA-nın vitse-prezidenti bu biblioqrafiyaların ədəbiyyatımızın təbliğində və tədqiqində böyük rol oynayacağını bildirib. Milli Kitabxananın direktoru Kərim Tahirov iki qurum arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Ədəbiyyat İnstitutuna təqdim olunan 42 adda 168 nüsxə biblioqrafiyalar Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olunan N.Gəncəvi, Ü.Hacıbəyov, İ.Əfəndiyev, Q.Qarayev, S.Vurğun, B.Vahabzadə, Elçin və digər fundamental biblioqrafiyalar, eyni zamanda elmin, mədəniyyətin və digər sahələrə daxil olan sahəvi və şəxsi biblioqrafiyalardır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova instituta hədiyyə edilən nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil edilməsinin vacibliyini vurğulayıb. Professorlar Şirindil Alışanlı, Asif Rüstəmli və digər çıxış edənlər Milli Kitabxana ilə əməkdaşlığın elmimizə faydasından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.