www.science.az
05.02.2014 00:00

Şair-dramaturq Asim Yadigarın 60 illik yubiley tədbiri keçirilib

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigarın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Öncə foyedə şairin kitab və dövri mətbuatda işıq üzü görən məqalələrindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatındakı fəaliyyətinə görə tanınmış şair-dramaturq Asim Yadigar NMR Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Fəxri Fərman yubilyara təqdim edilib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Folklorşünaslıq” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev, şair İbrahim Yusifoğlu və başqaları bildiriblər ki, Azərbaycançılıq məfkurəsinin tərənnümü Asim Yadigar yaradıcılığının əsasını təşkil edir. Onun ədəbi külliyyatında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeir, poema və dram əsərləri xüsusi yer tutur.

Daha sonra şairin şeirləri bədii qiraət olunub, dram əsərlərindən parçalar göstərilib, əsərlərinə bəstələnmiş mahnılar ifa olunub.

Sonda çıxış edən A.Yadigar göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.