www.science.az
07.12.2016 09:29

“Müstəqillik illərində Azərbaycan dilində terminologiyanın inkişafı” monoqrafiyası nəşr edilib

AMEA-nın Nəsmimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Müstəqillik illərində Azərbaycan dilində terminologiyanın inkişafı” kitabı nəşr olunub.

Monoqrafiyada müstəqillik illərində Azərbaycan dilində terminologiyanın inkişaf istiqamətləri və formalaşması təhlil edilib. Nəşrdə müstəqillik illərində Azərbaycan ədəbi dilində terminlərin zənginləşməsi mənbələri, yaranma üsulları, alınma terminlərin mənimsənilməsi dövrün zəngin dil faktları ilə araşdırılıb. Həmçinin alınma terminlərin yaranması mənbələri, dildə mənimsənilməsi formaları və unifikasiya problemləri nəzəri aspektdə tədqiq olunur. Qeyd edilir ki, hazırda alınma terminin adekvat verilməsi tendensiyası fəallaşır. Avropa mənbəli terminlərin təsnifatı, sistemləşdirilməsi elmi-texniki terminologiyanın normallaşdırılmasında böyük əhəmiyyətə malikdir.

Kitabda milli terminlərlə yanaşı, dilin lüğət tərkibini zənginləşdirən alınma terminlər geniş səpkidə tədqiqat obyekti olub. Tədqiqatda müəyyənləşdirilir ki, Azərbaycan dilində terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin yaradılmasıdır. Terminologiyada nizamasalmanın mühüm istiqamətləri müəyyən mərhələlərə bölünüb. Həmin mərhələlərdə sahəyə aid terminlərin və termin variantlarının toplanması, qruplaşdırılması, anlayışlar sistemi ilə onların adları arasındakı uyğunluğun unifikasiya məsələləri araşdırılıb. Beləliklə, nəşrdə müstəqillik illərində Azərbaycan dilində terminologiyanın nizamasalma prosesi, standartlaşdırma formaları müəyyənləşdirilir, terminoloji lüğətlərin tərtib prinsipləri və müstəqillik illərində nəşr olunmuş lüğətlər təhlil edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.