www.science.az
06.12.2016 13:36

AMEA-nın Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Məhəmməd ağa Şahtaxtlının publisistikası" monoqrafiyasının və bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun "Maarif fədaisi:Həsən bəy Qazıyev" kitabının təqdimatı olub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, mətbuat tarixində böyük xidmətləri olmuş Şahtaxtlılar nəslinin nümayəndələri haqqında araşdırmaların aparıldığını, onların həyatlarının müxtəlif şəxslərdən toplanılan materiallar, arxiv sənədləri əsasında öyrənildiyini və əsərlər vasitəsilə ictimaiyyətə təqdim edildiyini söyləyib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Məhəmməd ağa Şahtaxtının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında" Sərəncamı təkcə böyük naşir, publisistik Məhəmməd ağa Şahtaxtılının deyil, bütün Şahtaxtlılar nəslinin öyrənilməsi sahəsində böyük mədəni-ictimai hadisə idi. Sərəncamdan irəli gələn vəzifə kimi, Naxçıvan şəhərindəki Kitab evinə görkəmli maarifçi-publisist Məhəmməd ağa Şahtaxtılının adı verilib, xatirəsi əbədiləşdirilib.

Bölmə sədri qeyd edib ki, Əbülfəz Quliyevin monoqrafiyası da bu sərəncamın icrası istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridir. Bölmənin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan "Maarif fədaisi: Həsən bəy Qazıyev" adlı yeni tədqiqat əsərinin elmi dəyərindən bəhs edən akademik İ.Hacıyev bildirib ki, kitabda Azərbaycan Respublikasının Əməkdar müəllimi Həsən bəy Qazıyevin İrəvan quberniyası və Naxçıvandakı pedaqoji fəaliyyəti işıqlandırılır. Müəllif tərəfindən Həsən bəy Qazıyevin bir maarif xadimi kimi xidmətləri aşkara çıxarılır, araşdırılır və dəyərləndirilir.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Məhəmməd ağa Şahtaxtlının publisistikası haqqında mükəmməl tədqiqat əsəri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Əbülfəz Quliyevin nəşr etdirdiyi monoqrafiyada görkəmli naşir və ictimai xadim Məhəmməd ağa Şahtaxtlının həyatı, yaradıcılıq yolu və publisistikası tədqiq və təhlil olunub. Monoqrafiyada böyük mütəfəkkirin publisistik yaradıcılığı əsasən iki dövrə ayrılıb, daha çox onun I Dünya Müharibəsinə qədərki dövrdə qələmə aldığı publisistik əsərləri tədqiqata cəlb edilib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev “Görkəmli pedaqoq Həsən bəy Qazıyev haqqında ilk tədqiqat əsəri” mövzusunda məruzə edib. Qeyd olunub ki, kitabda Həsən bəy Qazıyevin yaşadığı mühit və təhsil illəri, İrəvan quberniyasındakı dövrü, onun həyatı və pedaqoji fəaliyyətinin Naxçıvan mərhələsi əhatəliyi ilə verilir. Eyni zamanda, yeni nəşrdə Həsən bəy Qazıyevlə bağlı bəzi kadr və fotoşəkillər də əks olunub.

Təqdimatda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova, Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev mövzu ətrafında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.