Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.12.2016 16:18
  • A-
  • A
  • A+

Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi anılıb

Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi anılıb

Dekabrın 5-də AMEA Hüseyn Cavidin Ev Muzeyində görkəmli dramaturq, böyük şair və filosof Hüseyn Cavidin vəfatının 75-ci ildönümü münasibətilə anma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz  Babaxanlı böyük şairin yaradıcılığından, zəngin ədəbi irsindən, bəşəri ideyalarından, keçdiyi əzablı yollardan danışıb. Bildirib ki, Cavid əfəndi 1941-ci ilin bu günündə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində 59 yaşında vəfat edib. Şairin ölümü haqqında şəhadətnamə ailəsinə ölümündən 7 il sonra 1948-ci ildə gəlib çatıb.

Şairə olan xalq sevgisindən bəhs edən G.Babaxanlı qeyd edib ki, ölümündən 40 il sonra Sibirdən Hüseyn Cavidin nəşinin gətirilməsi, Naxçıvanda məqbərəsinin tikilməsi, Bakıda adının əbədiləşdirilməsi, heykəlinin ucaldılması, ev muzeyinin açılması, külliyyatının nəşri və s. ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra Hüseyn Cavidin nəşinin Sibirdən gətirilməsi prosesində şəxsən iştirak edən Həmid Cəfərov həmin tarixi hadisə haqqında ətraflı məlumat verib. O, şəxsi arxivində saxladığı materialları muzeyə hədiyyə edib.

Anım mərasimində iştirak edən cavidşünaslar və cavidsevərlər muzeyin ekspozisiyası ilə də yaxından tanış olublar. Muzeyin ekspozisiyasında - “Cavidin faciəsi” otağında yer alan dəyərli eksponatlardan olan şairin Sibirdəki məzarından götürülmüş bir ovuc torpaq tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: