www.science.az
30.11.2016 16:57

AMEA-da 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Noyabrın 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Hüquq və İnsan Haqları İnstitutu və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan danışıb.  Bildirib ki, əlillərin təhsilə, əmək fəaliyyətinə cəlb olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən önəmli işlər görülür. Əlillərin cəmiyyətə inteqrasiyası, onlara münasibətdə insanların maarifləndirilməsi prosesi hər zaman davam etdirilir.

Daha sonra çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli ölkəmizdə əlil insanlara dövlət qayğısının yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edib ki, bu gün Azərbaycanda 570 min əlil insan var. “Əlillərə yardım göstərilməsi, onların problemlərinin həlli ölkə başçısı tərəfindən qoyulan tapşırıqdır”- deyən H.Rəcəbli əlillərin hüquqlarının qorunması üçün deputatlar tərəfindən qanun layihəsinin hazırlandığını, yeni qanunun əlillərin sosial müdafiəsinin daha da güclənməsinə xidmət edəcəyini bildirib.

Tədbirdə AR Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış edərək təmsil etdikləri qurumlarda əlillərin  həyat şəraitinin yaxşılaşdırılması üçün fəaliyyət planı əsasında görülən işlərdən danışıblar.

Qeyd edilib ki, ölkəmizdə 1-ci, 2-ci qrup əlillər pulsuz dərman vasitələri ilə təmin olunur, dövlət hesabına müalicələrinin xarici ölkələrdə davam etdirilməsinə şərait yaradılır, sağlam ətraf mühitdə yaşamaları üçün zəruri addımlar atılır.

Tədbirdə Beynəlxalq Əlillər Gününə həsr olunan  film nümayiş etdirilib.

Mərasim musiqili proqramla davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.