Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2016 15:38
  • A-
  • A
  • A+

II Xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirilib

II Xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirilib

Bu gün AMEA-nın Əsas binasında II Xüsusi şöbənin növbəti seminar-məşğələsi keçirilib. Seminar AMEA prezidentinin 18 oktyabr 2016-cı il tarixli "AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçot və bron edilməsi işlərinin vəziyyəti və bu sahədə illik hesabatların hazırlanması haqqında" sərəncamının icrasına həsr olunub.

Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərini aparan əməkdaşlar iştirak ediblər.

Seminarda II Xüsusi şöbənin rəisi Eldar Quliyev AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan hərbi vəzifəlilərin uçot və bron edilməsi işlərinin Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa uyğun olaraq aparıldığını diqqətə çatdırıb. Bildirib ki, akademiyada bu istiqamətdə mühüm işlər görülür, AMEA-nın əməkdaşları mütəmadi olaraq hərbi vəzifə və xidmət haqqında məlumatlandırılırlar.

Daha sonra çıxış edən İqtisadiyyat Nazirliyinin Səfərbərlik sektorunun baş məsləhətçisi Ulduz Babayeva nazirliyin tərkibində bronla işçi qüvvəsi saxlayan Respublika üzrə Komissiyasının tərkibində İşçi qrupunun yaradıldığını bildirib. "Həmin qrupun səlahiyyətləri Hüquq şöbəsinin Səfərbərlik sektoruna həvalə edilib" - deyə söyləyən U.Babayeva bununla bağlı əsasnamənin də təsdiq edildiyini nəzərə çatdırıb. Qeyd edib ki, hərbi vəzifəliləri bron olan dövlət orqanları və təşkilatların siyahısı həmin qurumlarla razılaşdırılaraq hazırlanıb Nazirlər Kabinetinə təqdim olunub. İşçi qrupu tərəfindən yerli özünü idaəretmə orqanlarında, təşkilatlarda işləyən hərbi vəzifəlilər üçün təlimat, uçot formaları hazırlanıb. O, hərbi vəzifəlilər üçün müəyyən edilmiş peşələr, bron olunacaq vəzifələr üzrə siyahı haqqında da məlumat verib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, mayor Ceyhun Əliyev təmsil etdiyi idarədə görülən işlərdən danışıb. Bildirib ki, respublikada müvəqqəti olaraq bronlaşdırma dayandırılsa da idarə tərəfindən mütəmadi olaraq işlər aparılır. C.Əliyev normativ hüquqi aktların tələblərinin idarə və təşkilatlarda yüksək səviyyədə yerinə yetirildiyini bəyan edib. Təmsil etdiyi qurumda 2017-ci ildə görüləcək işlər, elektronlaşdırma məsələsi barədə məlumatları diqqətə çatdırıb.

Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.

Seminar-məşğələdə AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan hərbi vəzifəlilərin uçot və bronetmə işlərinin vəziyyəti barədə çıxışlar olub, bu sahədə çalışan əməkdaşlarla birgə hesabatların hazırlanma qaydalarının təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: