www.science.az
28.11.2016 16:00

XV əsrə aid əlyazmanın nüxsələri tədqiqata cəlb olunub

Türk Cümhuriyyətinin müxtəlif muzey və kitabxanalarında XIII əsrdə yaşamış görkəmli Azərbaycan alimi Hiduşah ibn Səncər Naxçıvaninin “Əs-Sihəhül Əcəmiyyə” adlı farsca-türkcə lüğətinin əlyazma nüxsələri qorunub saxlanılır.

Bu günlərdə Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyənin İstanbul şəhərinin Süleymaniyyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən Hiduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan “Əs-Sihəhül Əcəmiyyə” adlı əlyazmanın XV əsrə aid iki nüxsəsinin foto surətlərini əldə edərək bölməyə gətirib.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən tədqiqata cəlb olunan əlyazmanın bir nüxsəsi 108 səhifədən, digər nüxsəsi isə 77 səhifədən ibarətdir. Qeyd edək ki, əsər təkcə lüğət deyil, eyni zamanda Qafqaz, Anadolu, Balkanlar və Yaxın Şərq mədrəsələrində dərs vəsaiti kimi də istifadə olunub. Bu səbəbdən dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüxsəsi mühafizə olunmaqdadır.

Əldə olunan əlyazmaların foto surətləri Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.