www.science.az
30.09.2013 00:00

Akademik Akif Əlizadə: “Azərbaycan regionun elm mərkəzinə çevrilməlidir!”

Azərbaycan alimləri bütün imkanlarını səfərbər edərək strateji məqsədləri həyata keçirmək əzmindədir.

Qloballaşan dünyada sosial tərəqqinin tempi əsasən hakimiyyətin intellektlə uzlaşdırılması dərəcəsindən asılıdır. Burada hər bir cəmiyyətin keçdiyi tarixi, siyasi, iqtisadi təkamül yolunu nəzərə alaraq intellektual potensialdan maksimum istifadə etmək ideyası üstünlük təşkil edir.

Həmin xüsusiyyət ölkəmiz üçün Respublika Prezidenti cənab İlham Əliyevin modernləşmə kursunda öz əksini tapmışdır. Məhz bu kursun həyata keçirilməsi nəticəsində Azərbaycanın qısa zaman ərzində nail olduğu bugünkü inkişafı və gələcəyə doğru hədəfləri beynəlxalq miqyasda maraq doğuran hadisə kimi qiymətləndirilir.

90-cı illərdə, olduqca mürəkkəb tarixi dövrdə xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə gələn xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisliklə intellektual varisliyi uyğunlaşdıraraq yaratdığı fəaliyyət proqramı Azərbaycan ziyalısının intellektual potensialının ölkənin siyasi həyatında yaxından iştirakına meydan açmışdır.

Azərbaycanın güclü, suveren dövlətə çevrilməsi üçün əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər hazırladı. Nəticədə azad, demokratik yeni Azərbaycan quruldu.

O dövrdə Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi Elmlər Akademiyası da məhz ümummilli liderimizin uzaqgörənliyi sayəsində bağlanmaq təhlükəsindən qurtula bildi.

1993-cü ildə ulu öndər Heydər Əliyev AMEA Rəyasət Heyətində alimlərlə keçirdiyi görüşlərinin birində bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Ümummilli lider tərəfindən qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bununla da akademiyanın cəmiyyətdə mövqeyi artmış oldu.

Ümummilli liderin 15 may 2001-ci il tarixli fərmanı Azərbaycanın elmi ictimaiyyəti üçün mühüm hadisə olmuşdur. Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, nüfuzunu yüksəltmiş və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir.

Ulu öndərin əsasını qoyduğu siyasi fəaliyyət kursunu uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün islahatlarda intellektual potensial əsas yer tutur, qeyri-neft sektoru dinamik inkişaf etdirilir. Ölkəmizin iqtisadi potensialı artdıqca, digər sahələr də dirçəlir, inkişaf mərhələsinə qədəm qoyur.

Elmin inkişafına böyük diqqət göstərilir. Azərbaycan elminin böyük himayədarı olan Prezident İlham Əliyev elmin tərəqqisi, modernləşməsi, elmi məktəblərin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir.

Azərbaycan Respublikasında elmin inkişaf etdirilməsi məqsədilə 2009-cu il 4 may tarixində “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” qəbul edilmişdir. Strategiyanın qəbulundan sonra Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fond elmin müxtəlif sahələri ilə bağlı qrant müsabiqələri keçirir ki, bu da ölkəmizdə elmin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 2008-ci və 2009-cu illərdə imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılmışdır.

Ölkənin intellektual sərvəti strateji əhəmiyyət kəsb etdiyi üçün insan kapitalı digər dəyərlərdən daha vacib hesab edilir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində əsas hədəf “bilik istehsal edən” vətəndaş cəmiyyətlərinin yaradılmasıdır. Azərbaycan digər sahələrdə olduğu kimi bu istiqamətdə də uğurla və inamla irəliləməkdədir. Bu bütün dünyanın etiraf etdiyi danılmaz həqiqətdir.

Keçid mərhələsini arxada qoyan ölkəmizin bütün fəaliyyət sahələrində vətəndaş cəmiyyətinin formalaşmasının təməlini təşkil edən islahatlar həyata keçirilir, ölkənin regional geosiyasi statusu müəyyənləşdirilir.

Artıq xarici sərmayə qoyuluşuna əsaslanan tərəqqi növündən cəmiyyətin daxili potensialının inkişafına söykənən modernləşmə növünə keçidi təmin edə bilən optimal model yaranmışdır. Prioritet sahələr üzrə islahatlar həyata keçirilərək konkret nəticələr əldə olunmuşdur. Reallaşan layihələrin ciddi elmi konsepsiyalara əsaslanması ölkəmizin böyük uğurlara imza ataraq dünyada mövqeyini möhkəmləndirməsi ilə nəticələnmişdir.

Respublikada həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüş və böyük irəliləyişlər əldə edilmişdir. Azərbaycanın bugünkü reallıqlarına nəzər salsaq görərik ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilmişdir.

Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf simvoluna çevrilmişdir. Dövlət başçısının beynəlxalq aləmdə artan nüfuzu ölkəmizi gücləndirməklə yanaşı, regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir.

Müasir dövrün müstəqil dövlətləri üçün intellektlə hakimiyyətin vəhdəti getdikcə daha böyük əhəmiyyət kəsb edir. Dövlət idarəetməsində bu prinsipin əsas götürülməsinin nəticəsidir ki, Azərbaycanda da modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxmışdır.

Bütövlükdə, görülən işlərdə dövlət alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir və alimlər üçün bütün şərait yaradılır. Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi zirvələrə yüksəltmək üçün qüvvəmizi səfərbər etməkdir.

Hazırda cəmiyyətin ayrı-ayrı sosial qruplarının dövlət quruculuğunda fəal iştirak etməsinə və öz müstəqil dövlətinin keşiyində durmasına daha çox ehtiyac yaranmışdır. Bu prosesdə Azərbaycan cəmiyyətinin gənc, güclü, perspektivli intellekt sahiblərinin dövlətimizin həyata keçirdiyi siyasətin avanqardına çevrilməsi üçün zəmin yaranıb.

Son illər Azərbaycanda müşahidə olunan tendensiyalardan biri də gənclərin elmə xüsusi marağının olmasıdır. Artıq ölkəmizdə gənc fəlsəfə doktorlarının sayı getdikcə artmaqdadır. Alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycanı layiqincə təmsil edir, elmi yenilikləri ilə dünya elminə öz töhfələrini verirlər. Bütün bu uğurlar ölkədə aparılan islahatlar və elmə, təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.

Gənc alimlərin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülür. Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə gənc alimlərimiz Avropa ölkələrinin elmi mərkəzlərinə göndərilir. Bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyasının nəticəsidir ki, son illər müasir dünya üçün xüsusi aktuallıq kəsb edən mövzulara həsr olunmuş nüfuzlu beynəlxalq tədbirlər ölkəmizdə keçirilir.

Dünyanın siyasi və intellektual elitası bu problemlərin müzakirəsi üçün vətənimizdə, onun paytaxtı Bakıda bir araya gəlir. Müasir Azərbaycanın sosial-mədəni, siyasi, iqtisadi, elmi inkişafının bütün aspektləri ilə bağlı məsələlər cənab Prezidentin diqqət mərkəzindədir.

Müstəqilliyini bərpa etdikdən sonra qısa zaman ərzində Azərbaycanın regionda iqtisadi cəhətdən aparıcı dövlətə çevrilməsi dünyada ölkəmizin nüfuzunun artmasına gətirib çıxarıb.

Statistikaya nəzər salsaq görərik ki, Cənubi Qafqaz iqtisadiyyatının böyük faizi Azərbaycanın payına düşür. İqtisadi sahədə, enerji sahəsində atılan addımlar nəinki ölkənin inkişafını təmin edir, regional proseslərə də çox güclü təsir göstərir.

Dünya İqtisadi Forumunun reytinq cədvəlinə əsasən Azərbaycan iqtisadiyyatının artım tempi son 3 ildə 57-ci yerdən 39-cu yerə yüksəlmişdir. Bu fakt onu deməyə əsas verir ki, dövlət başçısının irəli sürdüyü “qara qızıl”ın intellektual kapitala çevrilməsi siyasəti real nəticələr verməkdədir.

Milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin ilk yeddi ayında qeyri-neft sektoru daha 10 faiz artmışdır. Bu isə o deməkdir ki, geniş əhatəli iqtisadi siyasət yürüdən ölkəmiz iqtisadi baxımdan rəqabətə davamlılığını daha da yüksəltməkdədir.

Müstəqil Azərbaycan üçün bu prosesləri xüsusi olaraq mürəkkəbləşdirən digər amillər də mövcuddur. Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və bu işğalın yaratdığı çoxsaylı sosial və mənəvi-psixoloji məqamlar, köçkünlük kimi ağır problemlər şübhəsiz, bütün digər sahələrlə yanaşı, Azərbaycanda elmin inkişafına da mənfi təsirini göstərməkdədir. Lakin müəyyən problemlərin mövcudluğuna baxmayaraq, bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük diqqət və qayğısı dayanır.

Dövlət başçısı may ayında Şamaxı Astrofizika Rəsədxanasında təmir və yenidənqurmadan sonra vəziyyətlə tanış olarkən qeyd etdi ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Bu çağırış Azərbaycan elminin indiki şəraitdə strateji inkişaf hədəfini müəyyən edir. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər bir şərait vardır.

Azərbaycanın tez bir zamanda, digər sahələrdə olduğu kimi, elm sahəsində də qloballaşan dünyanın elmi mərkəzlərindən birinə, bölgənin isə liderinə çevrilməsi üçün alimlərimiz bütün imkanlarını səfərbər edərək strateji məqsədləri həyata keçirmək əzmindədir.

Cənab prezidentin apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycan elminin maddi-texniki bazası gücləndirilir, infrastrukturu modernləşdirilir, alimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir.

Hazırda AMEA-da müasir dövrün reallıqlarından irəli gələn, həmçinin ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilmişdir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə müxtəlif ölkə alimləri arasında elmi informasiya mübadiləsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq elmi mühitə inteqrasiya, şəbəkə infrastrukturunun formalaşdırılması, elmi informasiya resurslarının yaradılması, alimlərin böyük hesablama və yaddaş resurslarına olan tələbatlarının ödənilməsi, nəticə etibarilə rəqəmsal fərqin aradan qaldırılması və s. istiqamətlərdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü siyasət həyata keçirilir.

Bundan əlavə, ölkə rəhbərliyinin qayğısı nəticəsində elmi fəaliyyət sferasının maddi-texniki bazası möhkəmlənmiş, əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni binalar inşa olunmuş, müasir qurğular işə salınmışdır.

AMEA “Milli Ensiklopediya Mərkəzi”nin və “Mərkəzi Elmi Kitabxana”nın yeni binaların tikintisi həyata keçirilir. Elmi infrastrukturun modernləşdirilməsi istiqamətində islahatlar Azərbaycan Milli Elmlər Akademiyasında daha geniş vüsət almışdır.

Dövlət başçısının Milli Elmlər Akademiyasının inkişafı ilə bağlı imzaladığı bütün sənədlər, şübhəsiz ki, tezliklə Azərbaycan elmində öz müsbət nəticələrini verəcək. Bu, dövlətin elmimizə diqqətinin bariz nümunəsidir.

Elmin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma prosesinin bütün dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə həyata keçirildiyi müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı məhz elmin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycan elmində əldə olunan nəticələrin keyfiyyəti, onların qiymətləndirilməsi mexanizmləri məsələlərinə xüsusi diqqət yetirilir. Elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Elmi fəaliyyətin qiymətləndirilməsi məqsədilə tədbirlər görülür. Elmin səviyyəsi və əldə olunmuş nəticələrin keyfiyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmlərin işlənməsi nəzərdə tutulub.

2011-ci ildə AMEA-nın illik ümumi yığıncağında iştirak edən Prezident İlham Əliyevin konseptual xarakterli nitqi alimlərimizdə ruh yüksəkliyi yaratmışdır. Dövlət tərəfindən akademiyaya, elmə göstərilən xüsusi diqqət və qayğı alimlərimizin məsuliyyətini artırır.

Dövlət başçısının çıxışında müstəqil dövlətimizin maraqlarına xidmət edən bir sıra strateji məsələlərə toxunulmuşdur. Onun çıxışında texniki elmlərlə yanaşı, humanitar elmlərə dair aktual elmi araşdırmalara üstünlük verilməsi, qədim Azərbaycan torpaqları ilə bağlı tarixi faktların üzə çıxarılması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi ifadə olunmuşdur.

Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi, ümumbəşəri ideyaların həyata keçirilməsi, dünyada azərbaycançılıq ideologiyasının yayılması istiqamətində aktual problemlərin araşdırılması tövsiyə edilmişdir.

Ölkə rəhbəri tərəfindən qeyd olunan bu taleyüklü məsələlər alimlərimizin diqqət mərkəzindədir. Dünya elminə böyük töhfələr bəxş etmiş Azərbaycan elminin inkişafına ölkə rəhbərinin həssaslıqla yanaşması alim və mütəxəssislərimizdə böyük məsuliyyət yaradıb.

Alim və mütəxəssislərimiz Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Milli Ensiklopediyasının nəşri və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə əlaqədar sərəncamların icrası ilə bağlı qarşıda duran vəzifələrin məsuliyyətini dərk edərək və bu vəzifələrin yerinə yetirilməsi üçün bütün potensialını səfərbər edir.

Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, demokratiyanın və iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Əsas elmi tədqiqat istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər.

İnstitutların və regional elmi mərkəzlərin müxtəlif dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etməsi, regionlarda elmin inkişaf etdirilməsi, elmi tədqiqatların regionların sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi üçün müvafiq tədbirlər görülür.

Bu bir reallıqdır ki, Azərbaycanda sosial-iqtisadi, siyasi sistemin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi ilə yeni bəşəri idarəetmə üsulunun tətbiqi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artmasına gətirib çıxarmışdır.

Ölkəmizdə müvəffəqiyyətlə informasiya cəmiyyəti qurulur və dövlət başçısı tərəfindən bu siyasət ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. İnformasiya texnologiyalarının bütün fəaliyyət sahələrinə tətbiq olunmasını dövlətin strateji marağı kimi önə çəkən cənab İlham Əliyev mövcud problemlərin həlli istiqamətində Azərbaycan alimləri qarşısında konkret vəzifələr qoymuşdur.

Ölkə rəhbərinin xalqın hər bir üzvünün informasiya cəmiyyətinin vətəndaşına çevirmək, təfəkkürünü bu yöndə formalaşdırmaq, bununla da dövlət idarəçiliyində şəffaflığın təmin olunması hədəfi hazırda bəhrəsini verməkdədir. Hazırda azyaşlı uşaqlardan tutmuş ahıl insanlara kimi hər bir azərbaycanlı informasiya cəmiyyətinin vətəndaşı kimi formalaşır.

İqtisadi və siyasi uğurlarımızın son təntənəsindən biri də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə ölkəmizin kosmik ölkələr sırasına daxil olmasıdır. Respublikamızda İKT sektorunda əldə olunan nailiyyətlər, kosmik sənayenin yaradılması və çoxməqsədli peyklərin orbitə çıxarılması digər üstünlüklərlə yanaşı, intellektual potensialın inkişaf etdirilməsi, elmtutumlu yeni layihələrin həyata keçirilməsində strateji əhəmiyyət daşıyır.

Reallaşan layihələr ölkələr, xalqlar arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verməklə yanaşı, Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə də müsbət təsir göstərməkdədir.

Azərbaycan təhsil sisteminin modernləşdirilməsi istiqamətində də məqsədyönlü islahatlar aparılır. Hazırda təhsil respublikada strateji sektor olmaqla dövlətin elmi-texniki siyasəti ilə birbaşa əlaqədə olan sahədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkəmizdə həm təhsilin, həm də elmin yeni keyfiyyətli inkişaf mərhələsinə keçməsinə səbəb olmuşdur. Həmin qanunun qəbulundan sonra Elmlər Akademiyasında 1000-dən artıq gənc doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı kadr hazırlığına start verilmişdir.

Dövlət başçısının tapşırığı ilə neft və qaz sənayesi ilə bağlı elmi tədqiqatların stimullaşdırılması, ölkəmizin təbii sərvətlərinin öyrənilməsi istiqamətində səmərəliliyin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunması məqsədilə Dövlət Neft Şirkəti və AMEA arasında Anlaşma Memorandumu imzalanmış və bununla da “ARDNŞ-nin Elm Fondu”nun təsis edilməsi qərara alınmışdır.

Fondun fəaliyyətinin təmin edilməsi, eləcə də akademiya sistemində çalışan, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual problemlərin həlli ilə məşğul olan alimlərin elmi araşdırmalarının stimullaşdırılması məqsədilə qrant ayrılmışdır.

Elmin, eləcə də, təhsilin inkişafına yönəlmiş layihələrin sahibkarlar tərəfindən dəstəklənməsi dünya təcrübəsində mövcuddur. Bu prosesin Azərbaycanda da tarixi kökləri vardır. Buna misal olaraq mesenatlığı və maarifsevərliyi ilə tanınan Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini, Azərbaycanın neft sənayesindən əldə etdiyi gəlirlər hesabına “Nobel qardaşları cəmiyyətinin” Neft sənayesindəki elmi nailiyyətlərə görə təsis olunmuş mükafatını göstərmək olar. Bu fondun ilk 3 mükafatı ötən əsrin əvvəllərində məhz fundamental elmlərin inkişafı üçün Azərbaycanda verilmişdir.

Ötən ilin dekabrında cənab İ.Əliyevin fərmanı ilə təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin növbəti illərdə mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılması ilə səciyyələnir. Bu konsepsiyada Azərbaycanın gələcək inkişafı əsasən ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçid prinsipinin reallaşdırlması istiqamətində müəyyənləşdirilmişdir.

Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında konkret vəzifələr qoyur. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər etmişdir.

Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm-təhsil və elm-istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir.

Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm cəhətlərindən biri də vətəndaşın sosial fəallığı ilə siyasi-ideoloji yetkinliyin bir-birini tamamlamasını təmin etməklə bağlıdır. Bu kursun nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.

Sürətlə inkişaf edən Azərbaycan hazırda regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. Sosial-iqtisadi tərəqqi ölkəmizdə bütün fəaliyyət sahələrinin inkişafına da ciddi təsir göstərməkdədir.

Ölkə başçısı cənab İlham Əliyevin intellektual inkişaf modelinə əsaslanan siyasətinin nəticəsidir ki, insan resurslarının formalaşdırılması Azərbaycanın mühüm milli maraqlarından birinə çevrilmişdir.

Ölkəmizdə enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edilmişdir. Azərbaycan transmilli layihələrin təşəbbüscüsü, icraçısı və maliyyələşdiricisi olmuşdur. Azərbaycan Cənubi Qafqazın ən güclü və modern dövlətinə çevrilmişdir.

Hazırda hər bir ölkə vətəndaşı gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Bu gün müstəqil ölkəmizdə dövlət başçısı tərəfindən aparılan siyasət Azərbaycan xalqının maraqlarına tam şəkildə cavab verir.

Müasir dövrün vətəndaşları reallığı daha asanlıqla dərk edərək, ölkədə gedən prosesləri analiz etmək qabiliyyətinə malikdirlər.

Son on il ərzində uğurla davam etdirilən bu fəaliyyət bundan sonra da genişləndirilməlidir. Bu, zamanın tələbi, xalqın təkidi, Azərbaycan ziyalılarının təklifidir. Ölkə əhalisi yaxşı dərk edir ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli sima İlham Əliyevdir.

Cəmiyyət və dövlət qarşısında məsuliyyət hissi olan hər bir kəs öz vicdanının səsini eşitməli, dövlət quruculuğu konsepsiyasını inkişaf etdirən dünyəvi təfəkkürə malik liderin yanında olmalıdır.

Akademiyada cəmlənən Azərbaycanın intellektual elitası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasirləşmə siyasətini yekdilliklə dəstəkləyir. Xüsusilə, gələcəyə yönümlü elmi-texniki tərəqqi məqsədilə qəbul olunmuş dövlət proqramlarına elmi dəstək verilir.

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır.

Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması və Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün Azərbaycan alimləri bütün imkanlarını səfərbər edirlər.

AMEA prezidenti, akademik Akif Əlizadə.

www.respublica-news.az