www.science.az
24.11.2016 15:08

İrəvan xanlığına dair əsərlərin təqdimatı keçirilib

Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərlərin təqdimat mərasimi keçirilib.

Tədbir AMEA-nın Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə baş tutub.

Müvafiq qurumların nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş, İrəvan xanlığının tarixinə dair dörd adda ictimaiyyətə təqdim edilən broşürün əhəmiyyətindən söz açıb. Bildirib ki, “İrəvan xanlığı” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Qeyd olunub ki, kitabçalar “İrəvan xanlığının tarixinə dair dörd adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən nəşr edilib. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır. “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının müəllifi isə bu elm müəssisəsinin aparıcı elmi işçisi Güntəkin Nəcəflidir.

Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü Y.Mahmudov son illərdə tariximizə dair olduqca fundamental əsərlərin nəşr edildiyini söyləyib, təqdim olunan kitabçaların tariximizlə bağlı çox önəmli əsərlər olduğunu diqqətə çatdırıb. O, Azərbaycan həqiqətlərinin dünyaya daha ətraflı çatdırılmasının zəruriliyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, müasir Ermənistanın ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Azərbaycan və digər türk xalqlarının qəhrəmanlıq eposu sayılan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib.

Bildirilib ki, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri” adlı kitabçada Azərbaycan xalqına məxsus və erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrinin – qədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur. Əsərdə bildirilir ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin rəmzi kimi əks etdirilib. “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı” adlı kitabçada qeyd edilir ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər. Tarixçi-alim Güntəkin Nəcəflinin “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” adlı əsərində 400 ildən artıq tarixə malik, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin birinci yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birinin – İrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitabça İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr edilib. “Çuxursəd hakimləri və İrəvan xanları” əsərində isə bildirilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistanın ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı. Azərbaycan dövləti olan İrəvan xanlığını yerli türk tayfalarının – Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fəzail İbrahimli, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarixçi-alim Güntəkin Nəcəfli və başqaları İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən bəhs ediblər.

Tədbirdə bildirilib ki, son illər Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. İnstitutun əsərləri Bakı ilə yanaşı, Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu-Yorkda, Romada, hətta Los-Ancelesdə də nəşr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.