www.science.az
23.11.2016 09:36

Görkəmli şərqşünas, əlyazmaşünas və dilçi alim

Azərbaycanda şərqşünaslığın, əlyazmaşünaslığın, ədəbi dil tarixinin, bütövlükdə dilçiliyin tədqiqi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərdən biri də Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoyludur. Alimin çoxşaxəli elmi yaradıcılığı, xüsusilə də farsdilli və türkdilli əlyazmaların tədqiqi və nəşri sahəsindəki səmərəli elmi fəaliyyəti filologiya elmimizə öz töhfələrini vermiş və onun bir sıra yeniliklərlə zənginləşməsi, təkmilləşməsi işinə xidmət etmişdir.

Uzun müddət AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda çalışan, hazırda isə AMEA Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edən Möhsün Zellabdin oğlu Nağısoylunu hələ tələbəlik illərindən tanıyıram. O, indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində oxuyarkən çalışqanlığı ilə çoxları kimi mənim də diqqətimi cəlb etmişdi. Tələbə ikən Möhsün əlaçı idi, fotoşəkli fakültənin şərəf lövhəsindən asılmışdı. O, universiteti fərqlənmə diplomu ilə bitirdi və fakültənin elmi şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmalar Fondunun (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun) aspiranturasına daxil oldu. Möhsünün elmi rəhbəri görkəmli dilçi, mətnşünas alim, professor Cahangir Qəhrəmanov idi. Rəhmətlik Cahangir müəllim həmişə Möhsünün savadını, biliyini təriflər, haqqında xoş sözlər söylərdi.

Möhsün Nağıyev (sonralar Nağısoylu oldu) 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərkən onun elmi işi haqqında müsbət rəy yazmışdım və müdafiəsində də çıxış etdim. Möhsünün müdafiəsi indi də yadımdadır: respublikamızın görkəmli dilçi alimlərindən professor Tofiq Hacıyev, akademik Məmmədağa Şirəliyev, Elmlər Akademiyasının müxbir üzvü Əbdüləzəl Dəmirçizadə, professor Əlövsət Abdullayev onun işinə yüksək qiymət verdilər. Təəssüf ki, indi belə müdafiələr az-az hallarda olur. Möhsün 1994-cü ildə doktorluq dissertasiyası müdafiə edərkən də onun elmi işi haqqında müsbət rəy yazmışdım. O vaxtdan, hələ bir az da əvvəlki illərdən başlayaraq elmi mətbuatda Möhsün Nağıyevin imzalarına tez-tez rast gəlmiş və elmi yeniliyi, sanballığı ilə seçilən yazılarını böyük maraqla və diqqətlə oxumuş, özüm üçün qeydlər aparmışam.

Respublikamızın tanınmış şərqşünas-mətnşünas alimləri sırasında olan filologiya elmləri doktoru, professor, AMEA-nin müxbir üzvü Möhsün Nağısoylunun elmi fəaliyyətinin ən məhsuldar dövrü ölkəmizin müstəqillik qazandığı illərlə üst-üstə düşür. Son zamanlar alimin orta əsrlər Azərbaycan yazılı abidələrinə, xüsusilə də klassik tərcümə əsərlərinə həsr etdiyi neçə-neçə sanballı elmi monoqrafiyası işıq üzü görmüşdür.

Möhsün Nağısoylunun elmi araşdırmaları yeniliyi, sistemliliyi və ardıcıllığı ilə seçilir. Tədqiqat obyekti olaraq seçdiyi əlyazmaların çoxu orta əsrlərdə fars dilindən tərcümə edilmişdir və ilk dəfə məhz onun tərəfindən elmi dövriyyəyə buraxılmış, sistemli şəkildə araşdırılmışdır. Bu sırada alimin XV əsr tərcümə abidələrindən Şirazinin “Gülşəni-raz”ı və Əhmədinin “Əsrarnamə”sinə, sonrakı yüzilliyin yadigarları olan Nişatinin “Şühədanamə”si və Həzininin “Hədisi-ərbəin”inə həsr etdiyi filoloji-tekstoloji araşdırmaları xüsusilə əhəmiyyətlidir. Klassik tərcümə əsərlərindən birincisi və sonuncusunu Azərbaycanda ilk dəfə elm aləminə tanıtdıran və ətraflı şəkildə araşdıran məhz professor Möhsün Nağısoylu olmuşdur. Orta əsr tərcümə abidələri haqqında dəyərli kitablar müəllifi kimi tanınan Möhsün Nağısoylu bu sahədə, həqiqətən, bir elmi məktəb yaratmışdır.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun elmi araşdırmalarında linqvistik mətnşünaslıqla bağlı məsələlərin tədqiqini də xüsusi olaraq qeyd etmək istəyirəm. Bu sahə Azərbaycan filologiya elmində öz yeniliyi və aktuallığı ilə seçilir. Möhsün Nağısoylunun bu sahədəki araşdırmaları gələcək elmi tədqiqatlar üçün yaxşı bir zəmin rolunu oynayır.

Tərcümə tarixi sahəsində tanınmış mütəxəssis kimi tanınan Möhsün Nağısoylu bacarıqlı və istedadlı tərcüməçidir. O, uzun illər (hətta tələbə ikən) Əfqanıstanda fars (dəri) dili üzrə tərcüməçi işləməklə yanaşı, fars dilindən bir neçə kitabı da Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcümələr sırasında İran alimi Sədrəddin Bəlağinin “Quran qissələri” kitabının və görkəmli Azərbaycan alimi-şairi Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” (“Sirr bağçası”) adlı fəlsəfi məsnəvisinin dilimizə tərcümələri xüsusi yer tutur. Yeri gəlmişkən qeyd edim ki, Möhsün Nağısoylunun səlis və axıcı bir dillə tərcümə etdiyi “Quran qissələri” kitabından respublikamızın ayrı-ayrı təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunur. Şəbüstərinin “Gülşəni-raz” məsnəvisinə gəldikdə isə təsəvvüfə dair ən dəyərli və mötəbər qaynaqlardan olan bu əsəri tərcümə etmək heç də asan iş deyil. Məsələ burasındadır ki, bu qəbildən olan əsərlərin tərcüməsi mütərcimdən Şərq fəlsəfəsini, xüsusilə də sufizmi, ilahiyyatı incəliyinə qədər bilməyi tələb edir. Cəsarətlə deyə bilərəm ki, Möhsün Nağısoyluda bu keyfiyyətlərin hamısı var və məhz buna görə də o, adıçəkilən kitabı orijinaldan-fars dilindən çox yüksək elmi səviyyədə tərcümə etmişdir.

AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu indiyədək bir neçə orta əsr yazılı abidəsini ilk dəfə nəşrə hazırlamışdır. Onlar sırasında 932 səhifəlik nəhəng “Şeyx Səfi təzkirəsi” xüsusilə əhəmiyyətlidir. 2006-cı ildə bu irihəcmli dəyərli kitabın Əlyazmalar İnstitutunda təşkil olunmuş təqdimatında iştirak etmiş və orada çıxış edərək onun böyük əhəmiyyətini də göstərmişəm. Bu kitab Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət başçısı, görkəmli şair, azərbaycançılıq ideyasının yaradıcılarından biri olan Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Ərdəbili haqqındadır. Səfəviyyə təriqətinin qurucusu olmuş Şeyx Səfiəddin dövrünün nüfuzlu şəxsiyyətlərindən sayılmış, hətta hökmdarlar belə onun fikirləri ilə hesablaşmışlar.

Möhsün Nağısoylunun fars əlyazmaları kataloqunun tərtibində də böyük xidmətləri var. İndiyədək rus dilində üç cildi çap olunmuş bu kataloqun bütün cildlərində M. Nağısoylunun da payı var. O, kataloqun birinci cildindəki təsvirlərin həmmüəllifi, ikinci və üçüncü cildlərinin isə həmmüəllifi olmaqla yanaşı, həm də elmi redaktorudur.

Əlyazmalar İnstitutunun elmi şurasının, müdafiə şurasının iclaslarında, eləcə də ayrı-ayrı elmi konfranslarda, müxtəlif elmi məclislərdə Möhsün Nağısoylu ilə tez-tez görüşürük. Onun bu mötəbər məclislərdəki çıxışları elmiliyi və məntiqliyi, dəqiqliyi və obyektivliyi ilə seçilir.

Möhsün Nağısoylunun AMEA Nəsimi adına Dilçilik İnstitutundakı fəaliyyəti də təqdirəlayiqdir. Vaxtilə akademiyanın həqiqi üzvlərindən Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Tofiq Hacıyev kimi çox görkəmli və nüfuzlu dilçi alimlərin rəhbərlik etdiyi bu mötəbər elm ocağında qısa müddət ərzində direktor vəzifəsində çalışmasına baxmayaraq, Möhsün Nağısoylu yüksək savadı, mədəniyyəti və zəngin mənəvi keyfiyyətləri ilə kollektivin böyük əksəriyyətinin hörmət və nüfuzunu qazanmağa nail olmuşdur. Tanınmış dilçi alimlərimizin çoxu onun savadı ilə yanaşı, yüksək idarəçilik qabiliyyətindən, rəhbərlik etdiyi kollektivdə harmoniya və sağlam elmi mühit yaratmasından ürəkdolusu danışır. Aydındır ki, sağlam mühit olan yerdə işlər də istənilən səviyyədə irəli gedər və öz bəhrəsini verər.

Azərbaycan televiziyasının “Mədəniyyət” kanalında bu yaxınlarda bir verilişə hazırlıq gedirdi. Həmin verilişdə çıxış üçün namizədlər sırasında ağlıma ilk gələnlərdən biri Möhsün Nağısoylu oldu. Ona zəng edib televiziya studiyasına gəlməyini xahiş etdim. Verilişin rejissoru təəccüblənərək: “Vasim müəllim, axı, bu veriliş üçün hazırlaşmaq lazımdır” - dedi. Rejissora: “Möhsün Nağısoylu sinədəftərdir, ona hazırlaşmaq, filan lazım deyil” -söylədim. Verilişdən sonra rejissor mənə təşəkkür edərək bildirdi: “Vasim müəllim, siz haqlıymışsız, Möhsün müəllim, doğrudan da, hazırlıqsız-filansız mövzu ətrafında çox gözəl çıxış etdi. İndi bu məsələdə hər dəfə dara düşərkən Möhsün Nağısoylunu axtarır, televiziya verilişinə dəvət edirik”.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun bir şərqşünas-əlyazmaşünas alim kimi ən başlıca xüsusiyyəti birinci növbədə sadəliyi və hədsiz zəhmətkeşliyidir. Möhsün tələbəlik dövründə necə sadə və təvazökar idisə, indi də elədir, bu baxımdan əsla dəyişməyib. Çalışqanlığına, zəhmətkeşliyinə gəldikdə isə təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, o, 38 kitabın müəllifi, mütərcimi və tərtibçisidir. Həmin kitablar sırasında xarici ölkələrdə nəşr olunanları da var. Məqalələrinə gəldikdə isə, onların sayı 300-ü aşmışdır.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu həm də olduqca mehriban və qayğıkeş, mədəni və qabiliyyətli bir elm adamıdır. Məhz buna görə də Möhsün müəllimi tanıyanların əksəriyyəti ona ehtiramla yanaşır, xətrini çox istəyir.

Zəhmətkeş alim dostum, xeyirxah və nəcib insan kimi tanıdığım filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 yaşı tamam olur. Hörmətli həmkarımızı bu münasibətlə geniş elm ictimaiyyəti adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni elmi nailiyyətlər arzulayırıq.

Vasim Məmmədəliyev, akademik

"Azərbaycan" qəzeti, 23 noyabr 2016-cı il