Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü İslam Mustafayevin 65 yaşı tamam olur
21.11.2016 10:48
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İslam Mustafayevin 65 yaşı tamam olur

Noyabrın 22-də yüksək enerjilər kimyası sahəsində tanınmış alim, Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevin 65 yaşı tamam olur.

İslam Mustafayev 1951-ci il noyabrın 22-də Biləsuvar rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra Moskvada SSRİ EA-nın Kimyəvi fizika İnstitutunda aspiranturada oxumuşdur. 1978-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyalarını müfdafiə etmiş, 1996-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

İ.Mustafayev əmək fəaliyyətinə 1973-cü ildə AMEA-nın Radiasiya Problemləri İnstitutunda başlamış, burada baş laborantdan laboratoriya rəhbəri vəzifəsinədək elmi yol keçmişdir. 

Görkəmli alim 1997-ci ildə bеynəlхalq prоqramların dəstəyi ilə Mərkəzi Avrоpa Univеrsitеtində, 1998-ci ildə ABŞ-ın Radiasiya və Hava mоnitоrinqi üzrə Milli Labоratоriyasında və Mеrilеnd Univеrsitеtində təcrübə mübadiləsi keçmişdir.

Alimin tədqiqatları yüksək enerjilər kimyasının üsullarını tətbiq etməklə ekoloji problemlərin həllinə həsr olunmuşdur. Onun tərəfindən neftin ağır fraksiyalarından, neft-bitum süxurlarından, bərk üzvi yanacaqlardan hidrogenin, sintez-qazın, olefinlərin, mühərrik yanacaqlarının, karbon adsorbentlərinin alınması, suyun neftdən təmizlənməsi, üzvi yanacaqların və onların çevrilmə məhsullarının kükürdsüzləşdirilməsi proseslərinin elmi əsasları işlənilmiş, metan tullantılarının atmosferdə baş verən fotostimullaşdırılmış proseslərə təsiri öyrənilmişdir. Baş verən proseslərin kinetik parametrlərinin təyini, kinetik modellərin işlənilməsi, modellər əsasında müqayisəli təhlillərin aparılması alimin tədqiqatlarının əsas istiqamətlərindəndir.  Onun tətqiqatlarından alınan nəticələr 2 dəfə kеçmiş SSRİ ЕA-nın, 12 dəfə AMЕA-nın ən mühüm еlmi nəticələri sırasına daхil еdilmişdir.

İ.Mustafayev 294 elmi əsərin, o cümlədən 18 müəlliflik şəhadətnaməsi və patentin, 7 kitabçanın, 28 beynəlxalq layihənin müəllifidir. Alimin əsərlərinin 185-i xaricdə yüksək enerjilər kimyası və ətraf mühit sahəsində nüfuzlu beynəlxalq jurnallarda dərc edilmiş və bu əsərlərə istinadlar olunmuşdur.

Kimyaçı alim 40-dan çox xarici ölkədə keçilmiş beynəlxalq tədbirlərdə məruzələrlə çıxış etmiş, 25-dən artıq beynəlxalq və milli qrant layihələrinin qalibi olmuşdur. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 11 fəlsəfə doktoru hazırlanmışdır.

İ.Mustafayev Nyu-York EA-nın və Davamlı inkişaf üzrə Beynəlxalq Akademiyanın üzvüdür.  

Görkəmli alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmiş və o, “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Tanınmış elm xadimini 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və kimya elminin tərəqqisi yolunda yeni-yeni elmi nailiyyətlər arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: