www.science.az
18.11.2016 14:10

“İslam maarifçiliyi və müasir dövr” toplusu nəşr olunub

2015-ci ilin 16-17 aprel tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

Tədbirdə müzakirə edilən elmi-dini mövzuların aktuallığı, əhəmiyyəti və elmi yükü nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən, konfransın materiallarını özündə ehtiva edən kitab işıq üzü görüb.

632 səhifədən ibarət nəfis şəkildə tərtib edilən nəşrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu, AMEA prezidenti, akademik Akif Əlizadənin və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin tədbirin açılış mərasimində nitqləri, eləcə də yerli və xarici alim və ilahiyyatçıların çıxışları yer alıb. Topluya həmçinin konfransın plenar iclaslarındakı mühazirə və çıxışlar, müzakirə olunan mövzularla bağlı iştirakçıların məqalələri daxil edilib. Azərbaycan, rus, ingilis və türk dillərində materialların yer aldığı kitab müvafiq sahələr üzrə mütəxəssislər üçün dəyərli mənbədir.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, nəşrə məsul şəxs isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.