Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2016 17:07
  • A-
  • A
  • A+

"Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

"Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında UNESCO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Gününə həsr olunan "Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasıın Prezidenti yanında Bilik Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli fəlsəfə elminin öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan xalqı güclü fəlsəfi təfəkkürə malikdir. Bu məqam Azərbaycan xalqına, filosoflarımıza, şair və yazıçılarımıza həm də tolerantlığı, multikulturalizmi aşılayıb. Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvinin antik və şərq fəlsəfi fikrini yaradıcılığında böyük ustalıqla əks etdirdiyini söyləyən T.Kərimli Azərbaycan ədəbiyyatında humanist tolerant ideyalara bütün dövrlərdə rast gəlindiyini qeyd edib. O, bu ənənələrin hazırda uğurla davam etdirildiyini söyləyib.

Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək multikulturalizmin əsasının məhz fəlsəfi yanaşmalar əsasında qurulduğunu bildirib. Fəlsəfənin tolerantlıqla qarşılıqlı əlaqələrindən danışan İ.Məmmədzadə qeyd edib ki, bu bağlılığın olması qədim zamanlardan formalaşan fikirdir.

Daha sonra çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova Ümumdünya Fəlsəfə Gününün önəmindən danışıb. Bildirib ki, 2005-ci ildən UNESCO-nun təşəbbüsü ilə təsis edilən Ümumdünya Fəlsəfə Günü dünyanın bir çox ölkələrində qeyd olunur.

Tədbirdə fransalı alim Fransua Jorjon və livanlı alim Mahmud Haydar geniş məruzə ilə çıxış edərək, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin özünəməxsus mövqeyə mailk olduğunu bildiriblər.

Daha sonra Azərbaycan Repsublikasın Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyev, fəlsəfə üzrə elmlər doktorları Adil Əsədov, Füzuli Qurbanov, Zümrüd Quluzadə, Rəfiqə Əzimova, Zöhrə Əliyeva və digərlərinin mövzu üzrə çıxışları dinlənilib. Azərbaycan alimlərinin dünya fəlsəfə elminə töhfələrindən, ölkəmizdəki mövcud tolerant və multikultural mühitdən danışan natiqlər bu dəyərlərin xüsusiyyətlərini şərh edib, respublikamızda müvafiq istiqamətdə həyata keçirilən tədbirləri yüksək dəyərləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: