www.science.az
17.11.2016 16:39

Naxçıvan Bölməsində “Gümüş və onun birləşmələri” kitabının təqdimatı olub

Bu gün AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında bölmənin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynovun “Gümüş və onun birləşmələri” kitabının təqdimatı oldu.

Tədbirdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov yeni tədqiqat əsərinin elmi dəyərindən bəhs etdi. Qeyd etdi ki, gümüşün dövri sistemdə mövqeyi, təbiətdə yayılması, alınması, fiziki, kimyəvi xassələri, birləşmələri, eləcə də gümüşün bəzi birləşmələrinin nanohissəcikləri də kitabda geniş əhatəliyi ilə öz əksini tapıb.

Sonra Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Gümüş və onun birləşmələrinə yeni baxış” mövzusunda məruzəsi dinlənildi.

Mərasimdə Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev, həmin institutun böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva mövzu ilə bağlı çıxış edərək kitabı Azərbaycan dilində gümüş və onun birləşmələrinə aid yazılmış ilk qiymətli əsər kimi dəyərləndirdilər.

Giriş, dörd fəsil, əlavələr, ədəbiyyat siyahısından və 240 səhifədən ibarət olan  “Gümüş və onun birləşmələri” adlı yeni nəşr bu istiqamətdə elmi iş aparan tədqiqatçılar, ali məktəb tələbələri və magistrlər üçün faydalı mənbə olmaqla yanaşı, təbii sərvətləri öyrənmək istəyənlər üçün də elmi istiqamətdir.

Tədbirin sonunda müəllif, kimya elmləri üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynov çıxış edərək mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.