www.science.az
15.11.2016 15:02

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm xadimi, akademik Çingiz Qacarın rus dilində nəşr edilən “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev ictimaiyyətə təqdim olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, ulu öndər Hеydər Əliyеvin əziz xatirəsinə həsr olunan və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Əcəmi” nəşriyyatında çap edilən əsərdə Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, eyni zamanda, görkəmli şəxsiyyətləri barədə məlumatlar və fotoşəkillər yer alıb.

Daha sonra “Dünyanın qədim şəhərlərindən biri - Naxçıvan tarixinə həsr edilmiş dəyərli əsər” mövzusunda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev geniş məruzə edib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev və başqaları çıxış edərək “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının rus dilində nəşrini Naxçıvan tarixinin dünyada təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.