www.science.az
14.11.2016 17:32

Elmin yüksək texnologiya zirvəsi – Yüksək Texnologiyalar Parkı

Müasir elmimiz dünyada baş verən elmi-texnoloji proseslərdə öncül mövqe tutması üçün düşünülmüş yüksək texnologiya və innovasiya siyasətinə diqqət yetirilməsi zərurəti hiss olunur. Elmi-tədqiqat işlərinin aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasında toplanmış uzun illərin zəngin təcrübəsi və minlərlə alim-mütəxəssis ordusunun olması müasir mexanizmlərin tətbiq edilməsi ilə elmin milli iqtisadiyyatda rolunun artması üçün unikal baza hesab edilir. AMEA-nın Təcrübə-Sənaye Zavodunda uğurla həyata keçirilən infrastruktur yenilikləri 45 adda innovativ məhsulun istehsalına imkan yaradır. 2016-cı ildə istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək standartlara cavab verməsini təsdiq edən ISO sertifikatları alınmış, Zavodun ərazisində bütün lazımi maddi-texniki baza qurulmuşdur. AMEA-da innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətlərinin qurulması istiqamətində dünya təcrübəsi öyrənilmiş, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılmışdır.

Elm və texnologiya parkları üzrə öyrənilmiş dünya təcrübəsinə əsaslanmaqla, milli iqtisadiyyatımızda elmin potensialından səmərəli istifadə edilməsi məqsədilə Elm Parkları və İnnovasiya Əraziləri üzrə Beynəlxalq Assosasiyanın üzvü seçilmiş AMEA-da yüksək texnologiyaların hazırlanması və transferi üçün mühüm addımlar atılmaqdadır.

Azərbaycan hökumətinin qarşıya qoyduğu strateji hədəflərin seçilməsi və həmin hədəflərə nail olunması üçün hazırlanmaqda olan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” həm də elm tutumlu yüksək texnologiyaların hazırlanması üzrə görüləcək işləri də əhatə edir. Əlverişli investisiya və təşviq siyasətləri fonunda texnopark və sənaye məhəllələrinin inkişaf etdirilməsi də hökumətin daim diqqət mərkəzindədir. Uğurlu iqtisadi siyasətin bir elementi kimi AMEA-nın rolunun artırılması və idxal məhsullarını əvəzedici, o cümlədən, ixrac potensialı böyük olan innovativ milli məhsulların inkişaf etdirilməsi yaxın gələcəkdə Azərbaycan elminin töhfəsini ciddi şəkildə nümayiş etdirə biləcək.

Bu istiqamətdə atılmış ən önəmli addım kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul edilir. YT Parkın yaradılması sadəcə bir trend deyil, həm də bir çox müasir çağırışlara cavab verməyə imkanlar açan əhəmiyyətli pəncərədir. YT Parkı elm-sənaye-dövlət üçübucağının yaranması və səmərəli fəaliyyət göstərməsi üçün bütün tələblərə cavab verə biləcək mexanizm kimi Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşdıracaq. YT Park ölkə rəhbərliyi tərəfindən iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə yaradıldığından qarşısında qoyulmuş bütün tapşırıq və hədəflərə nail olmalıdır. Bunun üçün AMEA Təcrübə-Sənaye Zavodunun ərazisindəki mövcud imkanlar, elmi-tədqiqat institutlarının çoxsaylı alim və mütəxəssisləri, 350-yə yaxın müasir laboratoriya və sınaq qurğuları, proseslərin idarə olunması üçün peşəkar innovasiya heyəti və bütün digər aktivlər səfərbər ediləcəkdir. YT Parkın ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin ediləcək, innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi təşkil ediləcəkdir.

Elmimizin yüksək texnologiyalar və innovativ məhsullar üzrə zirvəyə gedən yolu YT Parkdan keçəcəyi üçün onun təşkili və fəaliyyət mexanizmlərinin effektivliyinin təmin edilməsi üçün AMEA müvafiq mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə sıx əməkdaşlıq şəraitində çalışaraq ən qısa zamanda müasir yüksək texnologiyalar parkı adına layiq infrastrukturu formalaşdıracaqdır. Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazır məhsullara çevrilərək istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlər qurulacaqdır. Bundan sonra, AMEA özünün dövlət büdcəsindəki xərc yükünü azalda, ölkədən valyuta axınının qarşısının alınmasında idxal əvəzləyici məhsulların, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli iqtisadiyyatda elmin payını artırmaqla iqtisadiyyatın diversifikasiya edilməsində rolunu artıra biləcəkdir.

Əminik ki, ölkə rəhbərliyinin iqtisadi islahatları nəticəsində zəruri və vaxtında yaradılmış bu YT Parkı ən qısa zaman ərzində elm və yüksək texnologiyalar mərkəzinə çevriləcəkdir.

AMEA-nın İşlər İdarəsinin rəisi, s.e.f.d. Fətəli Abdullayev

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.